Şoyqu İran və Azərbaycana niyə gəlib? - AÇIQLAMA

 14:22 06.08.2024     475

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul etdi. 

Qeyd edək ki, Şoyqu bir gün öncə İranda işgüzar səfərdə olub.

Onun İran və Azərbaycana səfərini Redaktor.az-a şərh edən politoloq Əziz Əlibəyli bildirdi ki, Rusiyanın əsas məqsədi İran və İsrail müharibəsinin qarşısını almaqdır.

"İranın Qərb tərəfindən vurulma məsələsi belə görünür ki, reallığa çevrilir. Bu mərhələdə İsraillə müsbət münasibətlərə malik olan ölkələrə ciddi ehtiyac var. Rusiya əslində istəmir ki, müharibə baş tutsun və bu dəqiqə İran vurulsun".

Siyasi şərhçi Azərbaycanın bu prosesdə aparacı rol olacağını vurğuladı. 

"İsraillə dialoq tapmaq lazımdır. Açığı, gərgin savaşda İranın vurulma ehtimalı artır. Azərbaycan-İsrail münasibətləri normaldır. Buna görə də digərləri, eləcə də Rusiya bundan faydalanmalıdır. Ən azından Bakı toqquşan tərəflərlə danışıq apara bilər. Bir növ vasitəçilik edə biləcək bir məkana çevrilib. İllərdir ki, bunu da sübut edir", - deyə Ə.Əlibəyli qeyd etdi.

Qeyd edək ki, Sergey Şoyqu Azərbaycan Prezidenti ilə görüşündə ölkəsinin Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini deyib.

Türkan İSGƏNDƏRLİ