"Rusiya heç bir zaman Ermənistana bu addımları bağışlamayacaq" - Naqif Həmzəyev

 17:36 06.08.2024     483

"Ermənistanın Qərbə meyillənməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirir. Ermənistanın KTMT-nin tərkibində öz fəaliyyətini dondurması da buna sübutdur".

Bu sözləri Redaktor.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev dedi. Onun sözlərinə görə, Ermənistan öz ordusunu daha çox NATO tipli orduya çevirmək niyyətindədir:

"Ermənistanın aktiv şəkildə NATO dövlətlərindən, əsasən də Fransadan silah tədarük etməsi, Avropa müşahidə missiyasının şərti Ermənistan-Azərbaycan sərhədlərinə gətirilməsi, Amerika ilə birlikdə hərbi təlimlərdə iştirak etməsi, öz ordusunu daha çox NATO tipli orduya çevirmək niyyətini ortaya qoyur. Nəticə etibarilə artıq Ermənistanın KTMT-də olmaq istəmədiyi qənaətinə gəlmək olar. Bu təşkilata üzvlüklə bağlı ödənişlərin həyata keçirilməsi Ermənistan tərəfindən dayandırılıb. Ancaq Ermənistanın Rusiyadan iqtisadi asılılığı bu prosesləri yekunlaşdırmağa imkan vermir. Çünki Ermənistan çox gözəl anlayır ki, əgər birdəfəlik Rusiya və keçmiş MDB ölkələri ilə münasibətləri kəsəcəyi təqdirdə bu boşluğu yaxın beş il ərzində doldura bilməyəcək. Bu da nəticə etibarilə Ermənistan üçün çox böyük iqtisadi böhranla nəticələnə bilər. Hazırda Ukrayna, Rusiya arasında baş tutmuş müharibə zamanı qaçaq və başqa yollarla Rusiyaya tətbiq edilmiş sanksiyaları dəyərləndirərək Ermənistan iqtisadiyyatında müəyyən artım müşahidə edilməkdədir".

Deputat bildirdi ki, Ukrayna-Rusiya müharibəsindən sonra Rusiya və Ermənistan arasında gərginlik daha da arta bilər:

"Rusiya Ermənistan arasındakı gərginlik müəyyən dərəcədə Azərbaycan üçün faydalı olsa da, nəticə etibarilə Rusiyanın Ermənistandan çıxması Cənubi Qafqazda yenidən münaqişə ocağına çevrilmə ehtimalını artırmaqdadır. Çünki Rusiya heç bir zaman Ermənistana bu atdıqları addımları bağışlamayacaq. Rusiya yəqin ki, Ukrayna ilə münasibətlərini normallaşdırdıqdan sonra Emənistanın KTMT-də həyata keçirdiyi bu fəaliyyəti ona xatırladacaq. Bu, həmçinin Ermənistan Qərb yönümlü siyasətinə də aiddir".

Naqif Həmzəyev vurğuladı ki, Rusiyanın Ermənistanla birbaşa əlaqələri kəsməməsinin səbəbi ondan məhsul tədarükündə istifadə etməsidir.

"Rusiya-Ermənistan arasındakı bu soyuq münasibət nəticə etibarilə Rusiyanın da işinə yarayır. Çünki Rusiyaya qarşı tətbiq edilmiş qadağalar fonunda bəzi məhsulların tədarükünü Ermənistan şirkətləri vasitəsilə həyata keçirir. Əgər hazırda Ermənistana qarşı Rusiyanın sərt addımları həyata keçirilmirsə, bunun da bir səbəbi məhz hazırkı vəziyyətin Rusiyaya da xeyir etməsidir. İstənilən halda, yaxın dövrdə biz proseslərin nə ilə nəticələnəyinin şahidi olacağıq və mən inanıram ki, güclənən Azərbaycan diktə etməyə davam edəcək.  Azərbaycanın da istəyi ilə Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhü əldə edə biləcəyik və Rusiya da imkan verməyəcək ki, kənar güclər Cənubi Qafqazda möhkəmlənsin və Rusiyanı sıxışdıraraq Ermənistanda güc sahibi məhz Qərb olsun",- deyə parlamentari qeyd etdi.

Türkan İSGƏNDƏRLİ