Türkiyə prezidentinin bu toplantıda iştirakını əngəlləmək istəyən ciddi qüvvələr var - AÇIQLAMA

 16:37 07.08.2024     574

Xəbər verildiyi kimi, Rusiya və Suriya Türkiyə ilə sərhəddə hərbi baza yaradıb. Bəzi siyasi ekspertlər bu addımı Türkiyə üçün uyğun hesab edirlər. Onlar bunu Suriya ilə normallaşma prosesinin tərkib hissəsi kimi qiymətləndirirlər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, politoloq Vüqar Zifəroğlu bildirdi ki, Yaxın Şərqlə bağlı əsas mövzulardan biri də Rusiyanın vasitəçiliyi ilə Bağdadda, Türkiyə və Suriya prezidentləri arasında görüşün keçirilməsidir.

"Bu görüşlə bağlı müsbət mesajlar səslənir. Görüşün keçiriləcəyi təqdirdə kifayət qədər maraqlı, pozitiv, ciddi qərarların qəbul olunması ehtimalı da mövcuddur. Ən azından Türkiyə-Suriya arasındakı münasibətlərin daha normal məcraya keçəcəyi barədə çox ciddi fikirlər və proqnozlar mövcuddur. Amma son elə iki ayda da bu görüşün baş tutmaması üçün kənar qüvvələrin də kifayət qədər təsirləri var. Məsələn, bu yaxınlarda Türkiyədə baş verən suriyalı qaşqınlarla bağlı etirazlar, paralel olaraq Suriyada Türkiyəyə münasibətdə baş verən iğtişaşlar, əsgərlərə hücum və s. Səbəbi də dezinformasiyanın ölkəyə açılması idi. Bu, onu göstərir ki, toplantını əslində əngəlləmək istəyən, regionda marağı olan kifayət qədər ciddi qüvvələr mövcuddur".

Politoloq dedi ki, əgər bu görüş baş tutarsa, ciddi məsələlər həllini tapacaq.

"Hazırda regionda kifayət qədər ciddi proseslər gedir: istər Fələstin istiqamətində, istər hazırda Livan istiqamətində İsrail-Hizbullah,Haniyənin öldürülməsindən sonra İsrail-İran münaqişəsi. Bütün bu mənzərənin fonunda masada əsas vacib məsələlər müzakirə olunacaq. Bunlardan biri də Türkiyənin haqlı olaraq həyata keçirdiyi antiterror mövzusudur. Suriya tərəfinin hər zaman belə bir iddiası olub ki, Türkiyə əslində, bu əməliyyatlarla sanki onun ərazisinə qəsd edir. Amma belə bir şey yoxdur. Çünki Türkiyə tərəfi də dəfələrlə birmənalı şəkildə vurğulayıb ki, "biz Suriyanın ərazi bütövlüyünü tam dəstəkləyirik və həyata keçirilən anti-əməliyyatlar həmin ərazilərdə kök salmış bölücü terror qruplaşmalarına zərbələr endirməkdir". Bu da Türkiyənin öz milli maraqlarından, milli təhlükəsizliyindən irəli gəlir. Masada yatırılan əsas mövzulardan, əsas müzakirə predmetlərindən də biri məhz bundan sonrakı proseslərdə antiterror əməliyyatlarının birgə həyata keçirilməsi və ən azından bu prosesin razılaşdırılmış şəkildə bu və ya başqa istiqamətlərdə həyata keçirilməsi ilə bağlı ilkin, müsbət razılıqların əldə olunması ola bilər. Çünki Türkiyə dəfələrlə Suriyaya məhz bu antiterror əməliyyatlarının həyata keçirilməsi ilə bağlı birgə addımların atılması üçün müraciətlər edib. Təəssüf ki, Əsəd rejimi buna müsbət cavab vermir. Bu mənada təkrar Rusiyanın vasitəçiliyə məsələn, gündəmə gətirilməsi və müəyyən mənada pozitiv istiqamətdə hansısa bir razılaşmanın ola biləcəyi mümkündür", - deyə Vüqar Zifəroğlu bildirdi.

Qeyd edək ki, hərbi baza PKK terror qruplaşmasının “Kobani” olaraq adlandırdığı “Əyn Əl Ərəb” bölgəsində yerləşir. Hərbi bazada Rusiya ilə yanaşı, Suriya rejiminin hərbçiləri də xidmət edəcək.

Türkan İSGƏNDƏRLİ