"Zəngəzur dəhlizini super güclər də istəyir" - AÇIQLAMA

 16:51 08.08.2024     398

Xəbər verdiyimiz kimi, Ermənistanla Azərbaycan arasında qarşılıqlı razılıq əsasında sülh müqaviləsi layihəsindən regional kommunikasiyalarla bağlı maddə çıxarılıb. Ermənistanın özü üçün də vacib rol oynayan bu kommunikasiya xəttindən vaz keçməsi təəccüblədir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, əslində, Zəngəzur dəhlizinin açılmasına Ermənistanın özü də razıdır:

"Sadəcə olaraq İran bu məsələni qabartmaqla dəhlizin açılmasını istəmir və son vaxtlar Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey Şoyqunun səfərindən də aydın oldu ki, onları maraqlandıran əsas məqamlardan biri məhz Zəngəzur dəhlizinin açılması, eyni zamanda paralel olaraq NATO-nun və yaxud digər Qərb dövlətlərinin Ermənistan ərazisində çoxsaylı silah-sursat gətirməsi, eləcə də orada hərbi bazanın yaradılmasıdır. İran bundan narahat olmalıdır. İranın da öz iqtisadi maraqları var. O, öz ərazisindən keçərək logistik daşımalara operatorluq etmək istəyir. Bu da məlumdur ki, bir sıra Qərb dövlətlərini razı sala bilməz. Çünki onlar İranın ərazisindən hər hansı bir yükü keçirməyəcək. Ən optimal variant məhz Zəngəzur dəhlizidir".

Arzu Nağıyev: “Ərdoğanın qalibiyyəti bütün dünya türkləri üçün mühüm  amildir” – XəbərAl.Az

Deputatın sözlərinə görə, regional kommunikasiya yolu Ermənistan parlamentində ratifikasiyadan keçməyəcək.

"Biz sülh müqaviləsinin imzalanmasında əsas məqam kimi konstitusiyada dəyişiklikdən söhbət aparırıq. Sülh müqaviləsi imzalandıqdan sonra əgər konstitusiyada yenə də bizim ərazi bütövlüyümüzə iddia varsa, bu, Ermənistan parlamentində ratifikasiyadan keçməyəcəkdir. Çünki revanşist qüvvələr heç vaxt imkan verməyəcək ki, məhz bu sülh müqaviləsi öz qanuni qüvvəsinə minsin. Buna görə də düşünürəm ki, bunlar məhz bu söhbəti indi ortaya atıb".

Arzu Nağıyev qeyd etdi ki, Ermənistanın Zəngəzur dəhlizindən imtinası onun iqtisadi maraqlarına cavab vermir.

"Sülh müqaviləsinin imzalanması ən çox Ermənistana lazımdır. Özünü bu embarqodan təcriddən çıxartmaq, iqtisadiyyatını dirçəltmək üçün vacibdir. Ona görə də Azərbaycan məhz sülh müqaviləsinin imzalanmasında əsas istiqamət kimi konstitusiyada dəyişikliyi nəzərdə tutur və bunu Ermənistandan tələb edir. Zəngəzur dəhlizinin açılması müqavilədən sonra da ola bilər, öncə də. Bu, tək Ermənistanın və yaxud kiminsə istəyi ilə deyil, bunu super güclər də istəyir və eyni zamanda Azərbaycan ərazisindən keçərək bu yolun daha qısa Avropaya çıxması məsələsində mütləq şəkildə Azərbaycanı dəstəkləyirlər", - deyə deputat qeyd etdi.

Türkan İSGƏNDƏRLİ