Rusiya erməni siyasi hakimiyyətinə real təzyiq rıçaqlarını itirib - Politoloq

 17:32 08.08.2024     363

"Hazırda Ermənistanda total şəkildə Rusiyanın demonizasiya prosesi həyata keçirilir. Bu senarinin arxasında isə təbii ki, Qərb dayanır".

Bu sözləri Redaktor.az-a politoloq Amid Əliyev Rusiya-Ermənistan münasibətini şərh edərkən dedi. Onun sözlərinə görə, Ermənistan təhlükəsizliyini qorumaq üçün Qərbə söykənir.

"İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəbkarı kimi Rusiyanı görən Ermənistan öz təhlükəsizlik qarantını, daha doğrusu çətirini dəyişmək qərarına gəldi. Məhz buna görə də Qərb aktiv şəkildə Ermənistana nüfuz etməyə başladı. İlkin olaraq mülkü Avropa İttifaqı (Aİ) missiyası çərçivəsində keçmiş hərbçilər və Fransa xüsusi xidmət orqanlarının əməkdaşları Ermənistana daxil oldu. Bunun ardınca isə ABŞ artıq ikinci dəfə Ermənistanla "Eagle Parthner" təlimlərini keçirdi. Bu azmış kimi, Fransa bir neçə dəfə açıq şəkildə Ermənistana silah amunisiyasını göndərdi. Hətta, Hindistan bu işə cəlb edildi. Bunların fonunda Ermənistana maliyyə yardımının ayrılması da Parisdə qərarlaşdı. Bu ayın 22-də nəzərdə tutulmuş görüşdə bu maliyyənin birbaşa olaraq Ermənistana verilməsi nəzərdə tutulub. Bunu Aİ sülh fondu vasitəsilə edirlər. İki gün öncə isə ABŞ tərəfindən Ermənistana hərbi yardımın təmin edilməsi erməni KİV də tirajlandı".

Siyasi şərhçi bildirdi ki, Rusiyanın Ermənistandan çıxarılması prosesi aktiv fazaya keçib.

"Rusiya hərbçilərinin "Zvartnos" hava limanından çıxarılması və dünən Kurska olan hücum fonunda Rusiya Federasiyası yalnız və yalnız diplomatik yolla öz etirazını bildirə bilib. Bundan artığını hələ ki, edə bilmir. Digər daha reqressiv yol Rusiyaya qarşı ikinci cəbhənin açılması və ya Ermənistandakı hərbi mövcudiyyətinin bitməsi ilə nəticələnə bilər. Keçən müddət ərzində Rusiyanın Qafqazda ən çox iqtisadi artımı məhz Ermənistanla olub. Ermənistan iqtisadiyyatının 80 faizi onun əlindədir. Enerji ötürülməsini də o təmin edir. Real olaraq Ermənistana qarşı ciddi addımın atılması hələ ki, üfüqdə görünmür".

Amid Əliyev qeyd etdi ki, Qərbin Zəngəzur dəhlizinin açılmasına razılıq verməsi Rusiyanın əleyhinədir.

"Hazırda ABŞ-də aparılmış danışıqlardan sonra Zəngəzur və digər kommunikasiya yollarının açılmasını sülh gündəliyindən kənar müzakirə edilməsi barədə razılığın əldə edilməsi faktı belə Rusiyaya qarşı hesablanıb.
Ayın 14-də KTMT-nin növbəti təlimi və görüşündə iştirakdan imtina edən Ermənistan rəsmən demarşlarını davam etdirir. Bu isə Rusiyanın bölgə üzrə geosiyasi maraqlarına ziddir. Faktiki olaraq erməni siyasi hakimiyyətinə real təzyiq rıçaqlarını itirən Rusiya daha yumşaq və qeyri-aqressiv təzyiq yolunu tapmalıdır", - deyə politoloq vurğuladı.

Türkan İSGƏNDƏRLİ