Fransadan Azərbaycana qarşı yeni təxribat - AÇIQLAMA
Fransa yenə öz təxribatçı əməllərindən geri qalmayıb. Belə ki, sosial mediada Paris küçələrində Azərbaycanın eleyhinə plakatlar asılıb. Üstəlik dünyanın hər yerindən Yay Olimpiya Oyunlarına gələn minlərlə insanın bunu gördüyünü nəzərə alsaq, deyə bilərik ki, Fransa Azərbaycanı gözdən salmaq üçün dəridən-qabıqdan çıxır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Turab Rzayev bildirdi ki, bu, Fransanın etdiyi ilk təxribat deyil:
"Bu, ilk təxribat deyil. Biz bundan əvvəl də bu cür təxribatlarla rastlaşmışıq. Əlbəttə ki, burada fərqli nüanslar ola bilər. Fransa hökumətinə yaxın insanlar təkbaşlı təxribatları edə bilər. Olimpiyanın açılışında Azərbaycan əleyhinə xoşagəməz ifadələr işləndi. Həmin hissələr yenə də sosial mediadan silinmədi. Daha sonra Beynəlxalq Olimpiya Komitəsi bununla bağlı üzr istədi. Ancaq bir şey dəyişmədi. Çünki, bütün dünya bunu izləyirdi. Təbii ki, bunların hamısı qəsdən edilən hərəkətlərdir".
Politoloq hesab edir ki, anti-Azərbaycan qüvvələrin Paris-2024 Yay Olimpiya Oyunları vaxtı bunu etməsinə səbəb bizi dünyada yanlış tanıtmaq, Ermənistanın adını təmizə çıxarmaqdır.
"Vahid mərkəz, erməni lobbisi kimi qüvvələr, aktivistlər bu cür yollara əl ata bilər. Nəzərə alsaq ki, Fransada 1 milyona yaxın etnik erməni yaşayır, aydın məsələdir ki, bu cür təxribatlarla Azərbaycanı gözdən salmağa çalışırlar. Təbii ki, olimpiada da bütün dünyanın mərkəzində olan tədbirdir. Ona görə elə başa düşürlər ki, olimpiada vaxtı bu təxribatı həyata keçirsə, bütün dünyanın diqqətinə çatdıra bilərlər və daha çox adam görə bilər", - deyə Turab Rzayev qeyd etdi.
Olimpiya Oyunlarını boynuna götürən, ancaq öhdəsindən gələ bilməyən Fransanın bu addımları, öz biabırçılıqlarını ört-basdır etməkdən başqa bir şey deyil.
Türkan İSGƏNDƏRLİ