"Ermənistanın ABŞ-dən Azərbaycana qarşı istifadə edəcək cəsarəti yoxdur" - Polkovnikdən AÇIQLAMA
Qərb-Rusiya arasında, eləcə də Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ABŞ-nin öz ordusunu müxtəlif ərazilərdə yerləşdirməsinə və bəzi ölkələrə silah göndərməsinə zəmin yaradıb. Bu yaxınlarda ABŞ Ermənistana iki təyyarə silah-sursat göndərib ki, bu da müəyyən suallar doğurur.
ABŞ Ermənistanı nə üçün silahlandırır? Bəs bu, Azərbaycan üçün hansısa təhdid yarada bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev bildirdi ki, Amerika Azərbaycan-Ermənistan münasibətlərinə qarşı çıxır:
"Amerikanın bu hərəkəti Azərbaycan-Ermənistan arasında sülh danışıqlarına birbaşa maneədir. Onlar guya münasibətləri tam tənzimləmək istəyirlər. Ancaq Ermənistana silah göndərilməsi, təlimlərin də keçirilməsi bunun əksini göstərir. Digər məsələyə gəlsək, təbii ki, Amerika bu regionda, Cənubi Qafqazda birbaşa Rusiya və İrana qarşı möhkəmlənmək istəyir. Yaxın Şərqdə olan vəziyyət ABŞ-ni buna məcbur edir. Çünki böyük qüvvələrin müharibəyə qarışması fəlakətə gətirib çıxara bilər".
Təhlükəsizlik ekpertinin sözlərinə görə, Ermənistanın ABŞ-dən Azərbaycana qarşı istifadə edəcək cəsarəti yoxdur.
"Azərbaycan bu gün kifayət qədər güclü bir ölkədir. Dünyada kifayət qədər gücü, güclü silahlı qüvvələri, ordusu var. Azərbaycanın artıq öz ərazilərini qoruya bilən əsgəri var. Ona görə də düşünmürəm ki, burada gedən proseslər Azərbaycana təsir edəcək. Təbii ki, Ermənistan belə böyük riskə getməz. Çünki bu Ermənistan üçün çox böyük fəlakətlə nəticələnə bilər. Əlbəttə ki, böyük dövlətlərin bu məsələdə pozuculuq fəaliyyətləri regionda vəziyyəti gərginləşdirir. Ancaq yenə də dünyada kritik vəziyyəti nəzərə alaraq, bunu etməyəcəklər", - deyə polkovnik qeyd etdi.
Türkan İSGƏNDƏRLİ