"İran-İsrail müharibəsi Azərbaycana təsir edəcək"- AÇIQLAMA

 16:10 13.08.2024     458

Britaniya, Almaniya, ABŞ, İtaliya və Fransa İrana İsraili təhdid etməməsi barədə xəbərdarlıq edib. Məlum məsələdir ki, İranın İsrailə hücumu Yaxın Şərqdə, eləcə də dünyada vəziyyəti gərginləşdirəcək. Belə olduğu halda Azərbaycan bundan necə təsirlənəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, İran İsrailə hücum edərsə, bu ölkələr İsraildən köməklərini əsirgəməyəcək.

"İran dəfələrlə bəyanat verib ki, yaxın vaxtlarda İsrailə qarşı hərbi əməliyyata başlayacaq. Bu, hər an baş verə bilər. Bu səbəbdən ABŞ, Böyük Britaniya, Almaniya və İtaliya İranı bu hücumdan çəkindirmək üçün son cəhdlərini edirlər. Təbii ki, əgər İran dediyini reallaşdırsa, bu ölkələr İsrailin yanında olacaqlar, İsraillə birgə İrana qarşı müəyyən tədbirlər görməyə çalışacaqlar. Bu, birbaşa hərbi qüvvələrin iştirakı şəklində olmasa da, Ukraynada olduğu kimi ciddi hərbi yardımlar etmək, hərbi texnikanı təcili İsrailə göndərmək şəklində ola bilər. İran bu bəyanatı mütləq nəzərə almalıdır. İsrailə qarşı tədbirlər keçirməkdən imtina etməlidir".

Siyasi şərhçi qeyd etdi ki, İran-İsrail münaqişəsi baş verdiyi təqdirdə, Azərbaycan da bundan təsirlənəcək.

"Bu qarşıdurma Azərbaycana təsir edəcəkmi? Şübhəsiz edəcək. Azərbaycan, İranın qonşusudur və hansısa formada ciddi müharibə təhlükəsi, təbii ki, bizdə də müəyyən problemlər yarada bilər. Ancaq ümid eləyək ki, bu səviyyəyə gəlib çıxmayacaq. Çünki İran da yaxşı başa düşür ki, böyük müharibə ona çox ciddi problemlər yarada bilər. Buna getməməyin vacibliyini İran hamıdan yaxşı anlayır. Ancaq eyni zamanda müəyyən addımlar da atmalıdır. Bundan əvvəl də bir dəfə əvvəlcədən elan eləyib İsrailə raket hücumlarını reallaşdırmışdı və əvvəlcədən elan etdiyinə görə İsrail bütün raketləri demək olar ki, məhv etmişdi. Buna bənzər belə bir növbəti hücum olması ehtimalı həm İranı vəziyyətdən çıxarda bilərdi, həm də İsrail üçün ciddi problemlər yaratmazdı. Amma biz təbii ki, məsələnin bu cür sovuşmasında maraqlıyıq", - deyə A.Səmədov bildirdi.

Türkan İSGƏNDƏRLİ