"Ukrayna Rusiyanı danışıq masasına oturmağa vadar edə bilər" - AÇIQLAMA
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu açıqlayıb. O hətta növbəti addımların atılacağını da vurğulayıb. Bəs görəsən Rusiyanın Ukraynaya cavabı necə olacaq?
Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Samir Hümbətov bildirdi ki, Ukrayna Kursku uzun müddət əlində saxlaya bilməz.
"Ukrayna Kurska girib, hər saat irəliləyirlər. Rusiyanın ciddi müqaviməti yoxdur. Böyük ehtimalla Ukraynada gedən əməliyyatlarla bağlıdır ki, həmin qoşun hissələri oradadır və orada sərhəd xidmətinin az miqdarda ordu birləşmələrinin olmasıdır. Rusiya hələ ki, ciddi bir müqavimət göstərməz. Ukraynanın Rusiya ərazisinin geniş hissəsini işğal edəcəyini düşünmürəm. Çünki bir ərazini işğal etmək və yaxud da nəzarətə götürmək və onu nəzarətdə axıra kimi saxlamaq asan məsələ deyil. Bunun üçün böyük miqdarda silah-sursat və canlı qüvvə lazımdır".
Politoloq qeyd etdi ki, Ukrayna irəliləməyi bacarsa, Rusiyanı danışıq masasına oturda bilər.
"Ukraynanın əlində böyük miqdarda silah-sursat da yoxdur və Qərbdən gələn silah-sursat və hərbi texnika hesabına bu müharibəni aparır. Ona görə bir miqdara qədər gedib həmin əraziləri nəzarətdə saxlayıb ondan sonrakı mərhələdə artıq danışıqlar predmetinə çevirmək istəyə bilər. Rusiya bundan istifadə edib, həmin ərazidə yerləşdirilən Ukrayna hərbi birləşmələrini məhv etməsə, istər-istəməz hava hücumundan müdafiə sistemləri sıradan çıxara bilər. Amma bunlar olmazsa, irəliləmə ola bilər. Amma bir hissədən sonra artıq Ukraynada dayanıb həmin ərazilərin müdafiəsini həyata keçirə bilər ki, bu da danışıqlarda Rusiyanı masaya oturmağa vadar eləyə bilər",- deyə Samir Hümbətov vurğuladı.
Türkan İSGƏNDƏRLİ