"İsrail əgər sülh istəyirsə, bəs belə böyük miqdarda silahlanması nəyin göstəricisidir?" - AÇIQLAMA
Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Qətərin paytaxtı Dohada danışıqlar başlayıb. Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə baş tutan görüşlərdə hansı mövzular müzakirə ediləcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, dünya İsrailə qarşı ayaqlanıb.
"İsraillə HƏMAS arasında danışıqlar mütəmadi olaraq gedir, ancaq buna baxmayaraq hələ bir şey əldə olunmur. Artıq Amerika İsrail-HƏMAS arasında danışıqlar aparılmasını tələb edir. Eyni zamanda, bildiyimiz kimi, İsrailin Qəzzada törətdiyi qətliamlar dünyada pislənir və burada bunu da demək vacibdir ki, dünyanın bir çox ölkələrində, o cümlədən Britaniyada, Fransada, İtaliyada, Hollandiyada və Amerikanın özündə onların bu hərəkətlərinə qarşı çox böyük nümayişlər oldu, tələblər oldu. Bir neçə dəfə Birləşmiş Millətlər Təşkilatı yığılaraq İsrailin qəzada törətdiyi qətliamları pislədi, təcili atəşin dayandırılmasını tələb etdi və bütün dünya bu haqda maraqlıdır və bu haqda da söhbətlər çoxdan gedir".
Siyasi şərhçi qeyd etdi ki, girovlar azad edildikdən sonra dövlətlər arasında diplomatik yolla sülh əldə etmək olar:
"Əsas şərt israilli və fələstinli girovların mübadiləsidir, atəşin dayandırılmasıdır. Bundan sonra isə diplomatik yolla müharibənin dayandırılması gəlir. Bunun olmasını istəyən dövlətlər çoxdur. Ancaq digər tərəfdən də təəssüf doğuran məqam ondan ibarətdir ki, bu günlərdə Amerikanın İsrailə 14 milyard dollarlıq F-35 gözəgörünməz çox sürətli qırıcı təyyarələrin satılması ilə bağlı bağlanan kontraktdır və əlavə olaraq beş milyardlıq da əlavə silah sursatın İsrailə satılmasıdır. Əgər sülh istənirsə, belə böyük miqdarda silahlanması nəyin göstəricisidir? Ona görə də hələ bu görüş baş tutmamış, orada razılıq əldə edilməmiş, sülh müqaviləsinin bağlanmasını demək çətindir. Ancaq biz ümid edirik ki, bu müharibə sülhlə bitər, sülh müqaviləsi bağlanar".
Xatırladaq ki, avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayaraq İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəslə bağlı danışıqları bərpa etməyə çağırıblar.
Türkan İSGƏNDƏRLİ