HƏMAS İsraillə danışıqlardan niyə imtina etdi? - AÇIQLAMA
Qəzza ilə bağlı danışıqların növbəti raundu Qətərin paytaxtı Dohada başlayıb. Ancaq aparıcı rollardan ola HƏMAS danışıqlarda iştirak etməkdən imtina edib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, HƏMAS İsraillə hansısa danışıqlar aparmaq niyyətində deyil.
"HƏMAS-ın İsraillə danışıqdan imtina etməsinin əsas səbəbi İsmayıl Haniyənin Tehranda öldürülməsidir. Bu həm də HƏMAS daxilində, ümumiyyətlə bütövlükdə Fələləstində siyasi qruplararası fikir ayrılığının göstəricisidir. HƏMAS düşünür ki, İsmayıl Haniyəni İsrail vurub, buna görə də onunla bir masa arxasında oturmaq düz deyil. Bundan başqa HƏMAS-ın indiki Siyasi Bürosunun baş katibi Yəhya Sanvar İsraillə istənilən danışıqların əleyhinədir. Fikrimcə, bu da HƏMAS-ın danışıqlarda iştirak etməməsinin başlıca səbəblərindəndir".
Politoloq qeyd etdi ki, danışıqlar müharibənin gedişini dəyişə bilər.
"Görüşdə əsasən əsir və girovların azad edilməsi, atəşkəsə nail olunmasıdır. Daha əvvəl də belə bir hadisə yaşanmışdı. Belə ki, qısamüddətli də olsa, atəşkəs və əsir düşənlərin mübadiləsinə nail olunub. Ona görə görüşlərdə də həmin məsələ müzakirə ola bilər. Hətta post-müharibə dövrünə dair hansısa məsələlərdən danışıla bilər. Əsas məsələ isə bunlar olacaq. İsrailin bu danışıqlarda iştirak etməsi də müharibənin gedişatına təsir edə bilər", - deyə S.Soltan bildirdi.
Qeyd edək ki, vasitəçilər olan ABŞ, Misir və Qətər münaqişənin həlli üçün yeni plan hazırlayıblar.
Türkan İSGƏNDƏRLİ