"Fransanın Cənubi Qafqazla bağlı təhlükəli planları var" - Deputatdan sensasion AÇIQLAMA

 17:18 16.08.2024     443

Fransanın Azərbaycana qarşı aşkar qərəzli mövqeyi göz önündədir. Son dövrlərdə Ermənistana Amerika Birləşmiş Ştatları, Fransa rəsmiləri, xüsusilə də hərbçiləri sıx-sıx səfər edirlər.

Bu sözləri Redaktor.az-a millət vəkili, siyasi ekspert Elşad Mirbəşiroğlu Fransa Prezidenti Emmanuel Makronun gələn ay Ermənistana gözlənilən səfərini şərh edərkən dedi.

"Sözsüz ki, bu gün Cənubi Qafqaz regionunda çox ciddi proseslər cərəyan etməkdədir. Ermənistan həm Fransa tərəfindən, həm də ABŞ tərəfindən silahlandırılmaqdadır. Nəzərə almaq lazımdır ki, Ermənistana Fransanın çox böyük təsir imkanı mövcuddur və Makronun səfəri də bütövlükdə Avropa İttifaqının Ermənistana əlavə hərbi sahədə təhlükəsizlik sahəsində dəstəyi ilə müşayiət olunacaqdır. Çünki aprel ayının 5-də Avropa Şurasının rəhbəri,  ABŞ dövlət katibi və Ermənistanın Baş naziri arasında bir görüş keçirildi. Bu görüşdə Ermənistana hərbi sahədə dəstəyin göstərilməsi məsələləri müzakirə olundu. Onun ardınca Ermənistana intensiv səfərlər başlandı və dəstəklər də göstərildi. Makronun səfəri sözsüz ki, hər şeydən öncə ona bir işarə olacaqdır ki, Fransa Ermənistanın yanındadır, Ermənistana hərtərəfli dəstək olur". 

Siyasi ekspertin sözlərinə görə, Ermənistan Qərbə arxalanaraq Azərbaycanın tələblərini yerinə yetirməkdən boyun qaçırır:

"Azərbaycanın tələblərindən biri ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırsın. Ermənistan tərəfi isə bunu etmək istəmir və Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirir. Münaqişənin sanki hələ də davam etdiyi təəssüratlarını formalaşdırmağa çalışır ki, ATƏT-in Minsk qrupunu reanimasiya edə bilsin. Hesab edirəm ki, bu istiqamətdə Fransanın Ermənistana ünvanladığı təlimatların ayrıca rolu mövcuddur. Məhz Fransa heç bir halda ATƏT-in Minsk qrupunun səhnədən getməsini istəmir. Onsuz da ATƏT-in Minsk qrupunda bu gün yalnız ABŞ və Fransa mövcuddur. Bildiyimiz kimi, Rusiya bu ölkələrlə heç bir formada bir masa arxasında hər hansı bir məsələni müzakirə etmir. Ona görə də bu gün ABŞ və Fransa üçün münbit şərtlər təmin olunubdur. Ermənistandan da istifadə etməklə ATƏT-in Minsk qrupunu reanimasiya etməyə çalışırlar. Ermənistanın təxribatlarının bir qismi də buna hesablanıb".

Elşad Mirbəşiroğlu bildirdi ki, Fransanın Cənubi Qafqazla bağlı olduqca təhlükəli planları mövcuddur:

"Bundan sonra Ermənistanla Fransa arasında xüsusilə hərbi-texniki əməkdaşlıq istiqamətində fəaliyyətin genişləndirilməsi əsas müzakirə mövzusu ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu gün Ermənistan ərazisindən bütün Cənubi Qafqaz ölkələrinə qarşı Avropa İttifaqının mülki missiyası kəşfiyyat fəaliyyətini həyata keçirməkdədir və bu işlərin koordinasiyası da əsasən Fransaya məxsusdur. Düşünürəm ki, bütün bu istiqamətlərdə ayrıca olaraq qeyd etmək lazımdır ki, Cənubi Qafqaz üçün təhlükəli olan istiqamətlərdə Makronun Ermənistana səfəri zamanı müzakirələr aparıla bilər. Həm də bu səfər bir siyasi mesaj xarakteri də daşıya bilər. Beləliklə Cənubi Qafqaz regionunda olduqca təhlükəli məqsədlər üçün istifadə edilməkdədir".

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Müstəqillik Günü münasibətilə sentyabrın 21-də Ermənistana səfər edəcək. 

Türkan İSGƏNDƏRLİ