Putin Azərbaycana niyə gəlib? - AÇIQLAMA

 14:06 19.08.2024     410

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib.

Onu ölkəmizə gətirən səbəb nədir? Prezidentlər görüşlərdə hansı mövzulara toxunacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Turab Rzayev bildirdi ki, Azərbaycan və Rusiyanın sıx iqtisadi əlaqələri var: 

"Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi münasibətlər kifayət qədər mürəkkəbdir. Rusiya Azərbaycanın iqtisadi, siyasi və başqa sahələrdə ən sıx münasibətdə olduğu ölkələrdən biridir. Xüsusilə 44 günlük Qarabağ müharibəsindən öncə və müharibədən sonra Rusiya ilə intensiv görüşlər həyata keçirilir. Həm Qarabağ münaqişəsinin həllində, həm Ermənistanla sülh prosesində Rusiya əsas regional və qlobal oyunçulardan və faktorlardan biridir. Rusiya Azərbaycanın dəniz qonşusudur. Xəzər dənizinin statusunun müəyyən olunmasında, Xəzər dənizinin yerüstü və yeraltı sərvətlərin bölünməsində Rusiya beş Xəzəryanı ölkədən biri kimi yenə də Azərbaycanın əsas tərəfdaşlarından biridir. Digər məsələ isə iqtisadi sahədir. Azərbaycan Rusiyadan kifayət qədər məhsul idxal edir. Eyni zamanda, Rusiyaya müəyyən qədər kənd təsərrüfatı məhsulları ixrac edir. Eləcə də Rusiyada azərbaycanlı miqrantlar var. Digər məsələ ilə logistika, nəqliyyat, kommunikasiya xətləridir. Rusiya ilə Azərbaycan arasında Şimal-Cənub Dəhlizində Azərbaycan xüsusi yer tutur. Azərbaycan Rusiyadan İran və Hindistana və əksi, eləcə də Avropaya nəqliyyatda iştirak edir".

Siyasi şərhçinin sözlərinə görə, Rusiya Qarabağ münaqişəsinin həllində əsas faktorlardan biridir. T.Rzayev hesab edir ki, görüşlərdə Ermənistanın qərbyönümlü siyasəti müzakirə oluna bilər:

"Bundan başqa ölkələr arasında yeni strateji tərəfdaşlıq müqaviləsi var. Yəni bu ölkələr vaxtaşırı olaraq siyasi, hərbi, iqtisadi və başqa mövzularda müzakirələr, məsləhətləşmələr aparırır. Eyni zamanda, Azərbaycan, Rusiya, bir sıra forumlarda müşahidəçi kimi çıxış edir. Xüsusən nəzərə alsaq ki, son dövrlər regionumuzda xüsusi gərginlik artıb. Ermənistanda Fransa və ABŞ aktivləşib, orada ABŞ və Fransaya məxsus qüvvələrin olduğu deyilir. Ermənistanda Avropa İttifaqının mülki missiyası fəaliyyət göstərir. Bunların da aktivləşdiyini nəzərə alsaq, düşünürəm ki, eyni zamanda Ermənistanın regional siyasəti və Ermənistanda Qərbin güclənməsi də səfərdə müzakirə mövzularından biri olacaq".

Türkan İSGƏNDƏRLİ