Ermənilər niyə atəş açır? - Ekspert: "Ermənistan rəhbərliyi bununla Putinin Qafqaza səfərinə münasibət bildirir"
"Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəsin pozulmasının Rusiya Prezidentinin Azərbaycana səfəri zamanı baş verməsi yəqin ki, müəyyən mesaj kimi qəbul olunmalıdır".
Bu sözləri Redaktor.az-a hərbi ekspert Ramil Məmmədli Ermənistanın təxribatlarını şərh edərkən dedi. Onun sözlərinə görə, anti-Rusiya mövqeyindən çıxış edən Ermənistan rəhbərliyi bununla Rusiya Prezidentinin Qafqaza səfərinə münasibət bildirir.
"Hər halda Ermənistanın Naxçıvan və Kəlbəcər istiqamətində ordumuzun mövqelərini atəşə tutması, həmçinin Ermənistana məxsus PUA-nın Azərbaycan ərazisində kəşfiyyat əməliyyatı həyata keçirmək cəhdi əlbəttə ki, Ermənistanın mövqeyindən xəbər verir. Artıq bəlli olur ki, Ermənistan sülh müqaviləsinin əldə olunmasında maraqlı deyil. Hər halda biz bilirik ki, artıq Ermənistan ərazisində Amerika Birləşmiş Ştatlarına məxsus hərbi birləşmə və hərbi təlimçilər xidmət aparır. Belə olan təqdirdə Ermənistan Müdafiə Nazirliyinin ordu birləşmələrinə artıq amerikalıların nəzarət etmək imkanları genişlənib".
Ekspert bildirdi ki, Ermənistanın təxribatları sülh müqaviləsinin əldə olunması ilə bağlı prosesə maneələr yaradır:
"Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar dövründə müəyyən məsafə qət edilib və müxtəlif razılaşmalar əldə olunub ki, bunu çox ciddi yenilik, çox ciddi dəyişiklik hesab etmək olar. Azərbaycan Ermənistandan fərqli olaraq bütün platformalarda, Qərb təsisatlarının, Avropa İttifaqının və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlardan yayınmayıb, əksinə, aktiv iştirak edərək münaqişənin sülh müqaviləsi ilə yekunlaşmasında öz müsbət mövqeyini bəyan edib. Təəssüf ki, təxminən son bir ay ərzində Ermənistan tərəfi adekvat mövqe nümayiş etdirmir. Yəni, hərbi təxribatlar sülh müqaviləsinin əldə olunması, imzalanması ilə bağlı prosesə maneələr yaradır və bu maneələr də əlbəttə ki, ümumi vəziyyətin gərginləşməsinə, bəzi hallarda danışıqlar prosesinin gecikdirilməsinə gətirib çıxarır".
Qeyd edək ki, ötən gün axşam və gecə saatlarında Ermənistan ordusunun bölmələri Naxçıvan və Kəlbəcər istiqamətindəki mövqelərimizi atəşə tutub. Eyni zamanda Ermənistana məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Türkan İSGƏNDƏRLİ