"Ermənistanın təxribat xarakterli tarix dərsliyi Rusiyaya dərs oldu" - ŞƏRH
"Təkzibolunmaz faktlar bir daha təsdiqləyir ki, erməni dərslikləri uzun illərdir qisas almaq vasitəsinə çevrilib. Araşdırmalar bunu bir daha təsdiqləyir ki, dünyada ermənilər öz uşaqlarını qonşu xalqlara nifrət ruhunda böyüdürlər".
Bu sözləri Redaktor.az-a dosent Zaur Əliyev Ermənistanda çap olunan 8-ci sinif tarix dərsliyinin “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” fəslini şərh edərkən dedi.
"Ermənilərin tarix dərsliklərində də Azərbaycan, Türkiyə, ümumilikdə türklər barədə “gəlmə türklər”, “vəhşi türklər”, “vandalizmin vətəni” kimi ifadələr işlənir. Erməni təhsil sistemində Jan Radvanyi tərəfindən tərtib edilən xəritə daha çox müraciət olunandır. Xəritədə Azərbaycan ərazisində yerləşən Naxçıvan və Türkiyənin Qars, Ərdəhan, İqdır və s. şəhərləri ermənilərin tarixi torpaqları kimi təqdim olunur. Bundan əlavə, xəritədə erməni ərazisi kimi Gürcüstanın Axalkalaki bölgəsi və Qarabağ da göstərilir.
Bütün bunlar ermənilərin şovinst siyasətinin nəticəsidir. Təsəvvür edin, bir müddət öncə Ermənistanda tarix dərsliyində xırda bir səhv ölkəni ayaq üstə qaldırmış idi. Tarix üzrə fəlsəfə doktoru Smbat Hovhannisyanın 7-ci sinif üçün “Ermənistan tarixi” dərsliyində Urartunun xəritəsində xırda bir səhv edilməsi və İrəvan şəhərinin "Erebuni" kimi adlanmaması ölkədə bütün dairələrdə narazılıq hissi ilə qarşılanmışdı. Narazlıq o qədər böyüyüb ki, Ermənistan təhsil naziri müraciət edib ki, gəlin müzakirə edək, səhvləri düzəldək. Etiraz edən alimlər, ictimai və siyasi xadimlər "Bu dərslik erməni gənclərinin vətənə sevgisinə mənfi təsir edəcək" deyə kəskin çıxışlar ediblər".
Zaur Əliyev bildirdi ki, Ermənistanın Rusiyanı ittiham etməsində əsas səbəbkar elə Rusiyanın özüdür.
"Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda çap olunan təxribat xarakterli tarix dərsliyinin “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” fəsli elə öz günahlarıdır. Məgər lazım idi ki, Qafqazda, qədim Azərbaycan torpaqlarında erməniləri yerləşdirsin?
1828-ci il Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000, 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni ölkəmizin müxtəlif ərazilərində yerləşdirildi.
Məşhur rus diplomatı və yazıçısı A.S.Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər, onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar".
Bəli, daimi olaraq qalmayacaqlar idi. Ermənilər 1828-ci ildən sonra bura müvəqqəti yaşayış üçün gətirilmiş idi ki, sonradan təkrar olaraq onları Osmanı torpaqlarlarında yerləşdirilsinlər. Qafqazda ermənilərin daimi qalması Osmanlıların güclənməsindən sonra baş verdi.
Bax indi, Rusiya özü bunun altını çəksin. İllərdir bizə və Türk dünyasına, gürcülərə, kürdlərə qənim kəsilən erməniləri bura gətirəndə bilməli idilər. İllərdir Ermənistan adlı uydurma dövlətin olmasını öz dərsliklərində yazdılar. Tarixçilər sübut etməyə çalışdılar ki, ermənilər burada qədim xalqdırlar. Nə oldu sonu? Ermənilər Rusiyanı belə veclərinə almırlar indi", - deyə dosent qeyd etdi.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda çap olunan 8-ci sinif tarix dərsliyinin “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” fəslinin təxribat xarakterli olduğunu bəyan edib.
“Söhbət ümumi tariximizi yenidən yazmaq üçün növbəti həyasız cəhddən gedir. 1826-1828-ci illər Rusiya müharibəsinin nəticələri təhrifə məruz qalıb və Türkmənçay sülhü Şərqi Ermənistanın “ilhaqı” kimi qeyd edilib”, - nazirlik vurğulayıb.
Moskva Ermənistan hakimiyyətinin ümumi keçmişi təhrif etmək cəhdlərinə “göz yummayacağını” və 18-ci illərin sonları - 19-cu əsrin əvvəlləri Cənubi Qafqazda baş vermiş hadisələri təhrif edən 8-ci sinif tarix dərsliyinin məktəblərə verilməsinə icazə verməyəcəyini gözlədiyini bildirib.
Türkan İSGƏNDƏRLİ