"Ermənistan Qafqazda bütün tərəflərin maraqlarını nəzərə almalıdır" - Deputat
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanı 2020-ci ilin noyabrında Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli razılaşmasını sabotaj etməkdə ittiham edib. Artıq açıq-aşkar görünür ki, Ermənistanın hərəkətləri Rusiyanı qıcıqlandırmağa başlayıb.
Rusiya Ermənistana yerini necə göstərəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, Cənubi Qafqazda yaranan şərait bütün tərəflərin marağına cavab verməlidir.
"Məsələyə ən ciddi reaksiya və cavabı məhz Rusiya Prezidenti Putin verdi. Əsas məsələ odur ki, Cənubi Qafqazda bu gün elə bir şərait yaranmalıdır ki, bütün aktorların məhz marağına cavab versin. O cümlədən Rusiyanın da maraqlarına cavab versin və Rusiyanın rəhbərlərinin verdiyi əsas bəyanat da ondan ibarətdir ki, Azərbaycan-Ermənistan münasibətlərinin daha da gərginləşməməsi, bunun müharibəyə və münaqişəyə gətirib çıxarmaması üçün mütləq şəkildə Ermənistan sülh müqaviləsinin imzalanmasında bütün regional dövlətlərin maraqlarını nəzərə almalıdır. Bu fikri cənab İlham Əliyevlə görüşdə Putin bir daha səsləndirdi. Əsas məqam ondan ibarətdir ki, bu problemlərin həlli, Orta Dəhlizin işlənməsi, kommunikasiyaların açılması, eyni zamanda Zəngəzur dəhlizinin açılması üçün mütləq şəkildə ciddi addımlar atmalıdır. Bu, sonunda gətirib sülh müqaviləsinin imzalanmasına çatmalıdır".
Müsahibimizin sözlərinə görə, Rusiya tərəfi heç vaxt Qərbin Zəngəzur dəhlizində yerləşməsinə razı olmaz:
"Dəfələrlə biz də bəyanat vermişik ki, sülh müqaviləsi Zəngəzur dəhlizi açılmamışdan öncə də, sonra da imzalana bilər. Lakin əsas məsələ Ermənistan konstitusiyasındakı dəyişiklikdir, yəni Azərbaycana və digər dövlətlərin ərazi bütövlüyünə iddiaların olmamasıdır. Prezident Putinin bəyanatında da əsas məqamlardan biri üçtərəfli müqavilə, hansı ki, 2022-ci ildə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatda da, protokolda da məhz bu əksini tapmışdır. Təbii ki, Rusiyanı heç vaxt razı salmaq mümkün ola bilməz ki, məhz Zəngəzur dəhlizi istiqamətində Qərb, ABŞ və digər dövlətlər öz silahlı qüvvələrini cəmləşdirsin".
Deputat vurğuladı ki, Ermənistan Rusiya tərəfdən müharibə istəmirsə, istiqamətini dəyişməlidir.
"Ermənistanın hazırkı mövqeyi heç bir şəkildə Rusiyanın maraqlarına uyğun deyil. Bu məsələdə İran da çox ciddi addımları atmalıdır. Məhz düşünürəm ki, Rusiya tərəfi bu bəyanatı verdikdə məhz İranla da öz məsələlərini razılaşdırmışdır. Ona görə də Ermənistan da yeni bir müharibə ocağının yaranmasını istəmirsə, mütləq şəkildə bütün Cənubi Qafqazda olan dövlətlərin, aktorların maraqlarını nəzərə almalıdır. Əks halda, Rusiya tərəfi bunu təzyiq vasitələri ilə, hətta hərbi müdaxilə ilə Ermənistana sübut edə bilər və göstərə bilər. Buna görə də düşünürəm ki, Ermənistan rəhbərliyi kimlərin vasitəsilə absurd bəyanatlar verməkdənsə, mütləq şəkildə sülhün bərqərar olması üçün öz addımlarını atmalıdır", - A.Nağıyev qeyd etdi.
Türkan İSGƏNDƏRLİ