Azərbaycan bu məsələnin sülh sənədindən çıxarılmasına ona görə razı oldu ki... - AÇIQLAMA
Avropa İttifaqı (Aİ) noyabrda Bakıda keçiriləcək COP29 ərəfəsində Azərbaycan hakimiyyətini Ermənistanla sülh sazişi imzalamağa çağırıb.
Bəs COP29-dək sülh müqaviləsinin imzalanması ehtimalı varmı?
Bu barədə politoloq Natiq Miri Redaktor.az-a açıqlamasında bildirdi ki, əgər Aİ, həqiqətən də, bu məsələdə səmimidirsə, onda Azərbaycanın tam qanuni legitim haqlarını da nəzərə almalıdır.
"Çünki Azərbaycan 30 illik münaqişənin səbəbini birdəfəlik aradan qaldırmaq üçün Ermənistandan ərazi iddiasını bütün qanunvericiliyindən, o cümlədən konstitusiyasından çıxarılmasını tələb edir. Ancaq COP29-a qədər Ermənistanın yeni konstitusiya mətnini hazırlayıb referendum keçirib bunu qəbul etməsi mümkün deyil. Yalnız əgər imzalanacaq sənəd - təbii ki, bu, yekun sülh sənədi olmayacaq, - niyyət protokolu və yaxud prinsipləri özündə ehtiva edən çərçivə sazişi ola bilər. Bu sənədi bir şərtlə imzalaya bilər ki, konkret zaman çərçivəsi göstərilməklə Ermənistan üzərinə öhdəlik götürsün ki, qeyd olunan zaman kəsiyində bütün qanunvericiliyində, eləcə də konstitusiyada Azərbaycana olan ərazi iddiası aradan qaldırılacaq. Əks təqdirdə imzalanan bu sənəd hüquqi cəhətdən keçərsiz olacaq".
Politoloq vurğuladı ki, Azərbaycan son günlərdə sülhə əngəl ola biləcək nəqliyyat-kommunikasiya sisteminin açılması prosesini də sonraya saxladı.
"Ermənistanla bu məsələdə razılığa gəldilər ki, indiki vəziyyətdə Zəngəzur dəhlizinin açılma məsələsi Nikol Paşinyan höküməti üçün növbəti baş ağrısı olmasın. Yəni Azərbaycan istər sənədlərin müəyyənləşməsi, istər nəqliyyat-kommunikasiya sistemlərinin açılması kimi bütün əngəllərin sülh sənədindən çıxarılmasına ona görə razı oldu ki, sülh sənədini imzalamaq mümkün olsun. Ancaq Ermənistan müxtəlif bəhanələrlə, heç bir vəd və məsuliyyət üzərinə götürmədən özünün istədiyi şərtlər altında, üstəlik sərhədlərin müəyyənləşməsinin yalnız 1991-ci ilddə imzalanmış Alma-Ata prinsipləri əsasında, yəni həmin ilə qədər mövcud olan inzibati sərhədlər çərçivəsində demarkasiyanın tərəfdarı kimi çıxış edir. Bunu, təbii ki, Azərbaycan qəbul edə bilməz. Ona görə də Aİ-nin tələb etdiyi doğru olmadığı qədər, həm də ədalətsizdir. Məhz bu, Qərb dünyasının tərəfli yanaşmasının nəticəsidir ki, bu gün vasitəçi olaraq oyundan kənar vəziyyətdə qalıb. Bugünkü çağırış da növbəti ədalətsiz yanaşmadan başqa bir şey deyil".
Natiq Miri qeyd etdi ki, Azərbaycan sülh istəyir, ancaq davamlı və sözün əsl mənasında regiona sakitlik gətirəcək bir sülh müqaviləsi olmalıdır. Yoxsa Azərbaycana ərazi iddiası qalmaqla imzalanan sülh sənədi yalnız və yalnız zibil yeşiyi üçün yarıyan bir kağız parçası olacaq.
Sevinc İBRAHİMZADƏ