"BRİKS dünyada ədalətin bərqərar olunmasında böyük rol oynayır" - AÇIQLAMA

 17:33 21.08.2024     376

Xəbər verdiyimiz kimi, Azərbaycan BRICS-ə (BRİKS) daxil olmaq üçün rəsmi müraciət edib. BRİKS 2006-cı ildə qurulub. Quruma Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri üzvdür.

Azərbaycanın bu təşkilata üzvlüyü ölkəmizə hansı faydalar verəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirdi ki, Azərbaycan BRİKS-ə qoşulmaqla böyük dövlətlərlə birlikdə dünyanın qlobal problemlərinin həllinin iştirakçısı olacaq. Onun sözlərinə görə, BRİKS-ə qoşulma həm Azərbaycana, həm də təşkilata faydalı olacaq.

"Dövlətlər öz iqtisadiyyatlarını tamamlamağa, birgə layihələr həyata keçirməyə və ortaya çıxan enerji resurslarının istifadəsi, ekologiyanın qorunması məsələsində birgə hərəkət etmək qərarına gəlirlər. Artıq BRİKS-ə qəbul olunmaq üçün xeyli sayda dövlətlər müraciət ediblər. Onlardan biri də Azərbaycandır. Ölkəmiz böyük dövlətlərlə birlikdə dünyanın qlobal problemlərinin həllinin iştirakçısı olacaq. Biz bu dövlətlərlə həm təşkilat daxilində, həm ikitərəfli münasibətlərdə iqtisadi layihələrin həyata keçirilməsində rol oynayacağıq. BRİKS-də öz təcrübəmizi, dünyagörüşümüzü, bu yeni beynəlxalq təşkilata gətirəcək, eyni zamanda həmin təşkilatın da üstünlüklərindən istifadə edə biləcəyik. BRİKS-ə qoşulma həm Azərbaycan, həm də BRİKS ölkələri üçün çox faydalı ola bilər. Məsələmiz müzakirədədir və ümid edirik ki, bizim ora qəbulumuz prosesi çox çəkməyəcək və Azərbaycan daha bir beynəlxalq təşkilatda mövqeyi, öz imkanları ilə dünyanın diqqətini cəlb edən ölkə olacaqdır".

Həmsöhbətimiz bildirdi ki, BRİKS yeni qurulsa da, dünyada öz sözünü demiş qurumdur.

"BRİKS son dövrlərdə yaranmış beynəlxalq təşkilat olsa da, qısa zamanda artıq dünya siyasətində ciddi bir faktora çevrilib. Bir sıra dövlətlər dünyanın bu gün idarə edilməsi, dövlətlərarası münasibətlərdə onlara qarşı olan ədalətsizliyi aradan qaldırmaq üçün birləşmək qərarına gəlib və bunların içərisində Rusiya, Çin, Hindistan, Braziliya kimi nəhəng dövlətlər var. Əvvəl dörd dövlət tərəfindən yaradılan təşkilatda artıq ona yaxın üzv dövlətləri var. Dünyanın müxtəlif regionlarını təmsil edirlər və onların əməkdaşlığı dünyada yeni bir quruluşun, ədalətin bərqərar olunmasında böyük rol oynayır. Bu, ilk növbədə iqtisadi birlikdir. Təşkilat müsbət addımları ilə dünyada diqqəti cəlb etməyə başlayır və danışılan yer yox, məsələlərin həll edildiyi, problemlərin ciddi müzakirə edildiyi bir platformaya çevrilməkdədir. Azərbaycan regionun lider dövləti, dünyanın nüfuzlu dövlətlərindən biri kimi bu prosesdə iştirak etmək istəyir. Azərbaycan Qoşulmama Hərəkatına dörd il rəhbərlik etməklə özünün beynəlxalq siyasətin fəal və məhsuldar oyunçusu kimi göstərə bildi", - deyə Aydın Mirzəzadə qeyd etdi.

Xatırladaq ki, iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRIKS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRIKS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.

Türkan İSGƏNDƏRLİ