"İsrail və Fələstin arasında sülh razılaşması çətin məsələdir" - AÇIQLAMA

 17:21 22.08.2024     279

ABŞ-nin dövlət katibi Entoni Blinken Qəzzada atəşkəs əldə etmək üçün İsrailə səfər edib. O, səfər çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşərək, atəşkəs və sülhə çağırıb.

Bəs Netanyahu bu çağırışa necə cavab verəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, ABŞ dövlət katibi Entoni Blinkinin regiona səfəri nəticəsiz başa çatıb.

Onun sözlərinə görə, bu o deməkdir ki, HƏMAS və İsrail arasında əsir və girov düşənlərin mübadiləsi, atəşkəslə bağlı razılıq əldə edilməyəcək:

"Çünki İsrailin əsas hədəfi HƏMAS və başqa silahlı qruplaşmalar və radikal qüvvələrin Fələstindən, o cümlədən Qəzzadan çıxması, yaxud neytrallaşmasıdır. HƏMAS-ın istəyi isə İsrailin Qəzza zolağından çıxmasıdır. Bundan başqa, HƏMAS-ın strateji planda hədəfi İran hakimiyyəti kimi İsraili dünyanın siyasi xəritəsindən çıxmağını, silməsini hədəfləyir. Nə HƏMAS, nə İsrail hakimiyyəti öz hədəf və istəklərindən imtina etmir və bu istiqamətdə heç bir yumşalma da yoxdur.

Ötən həftə Dohada keçirilən görüşdə HƏMAS müvəqqəti atəşkəs və əsir və girov düşənlərin mübadiləsi ilə bağlı razılığı qəbul etsə də, daha sonra bundan imtina etməsinə görə danışıqlar nəticəsiz başa çatdı. Bu baxımdan Bayden və Netanyahunun Fələstinlə İsrail arasında sülh müqaviləsinin imzalanması məsələsi hələ yaxın dövr üçün inandırıcı görünmür".

Politoloqun sözlərinə görə, İsrail-Fələstin sülhünün imzalanması hələ ki, mümkünsüzdür.

"Ola bilər ki, Mahmud Abbasla Netanyahu arasında bir sözləşmə imzalansın. Amma bu bütövlükdə Fələstini əhatə etmir. Çünki Qəzza zolağı Fələstinin bir hissəsidir. Qəzza zolağını HƏMAS ələ keçirib və İsrailə qarşı müharibə aparır. Müharibə arxasında İran və başqa qüvvələr də dayanır. Yaxın zamanda İsraillə Fələstin arasında müqavilənin imzalanması ehtimalı azdır. Çünki Mahmud Abbas Qəzza zolağı olmadan İsraillə belə müqavilənin imzalanmasına razı olmayacaq. Mahmud Abbasın administrasiyası İsrail dövlətini tanımağa hazırdır, amma bu problemin həlli demək deyil. ABŞ Prezidenti Co Bayden bundan seçkiqabağı demokratlara səs qazandırmaq, demokratların nüfuzunu qaldırmaq üçün istifadə etməyə cəhd göstərir. Amma bu baş tutmayacaq", - deyə S.Soltan bildirdi.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Entoni Blinken İsrailə doqquzuncu dəfə səfər edib.

Türkan İSGƏNDƏRLİ