"Rusiya NATO-nun sərhəddə ordu yerləşdirməsinə ciddi reaksiya verə bilər"
NATO Finlandiyanın Rusiya sərhədi yaxınlığındakı Mikkeli şəhərinə ordusunu yerləşdirəcək. Nəzərə alsaq ki, NATO Rusiya-Ukrayna müharibəsində Ukraynanı dəstəkləyir, Finlandiyadan Rusiyaya hansısa hücum ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, Finlandiya və Rusiya arasında müharibənin olmamasına səbəblər var:
"Nəzərə almaq lazımdır ki, Finlandiyanın NATO-ya inteqrasiyası əslində uzun müddətdir elan edilib. Rusiya Finlandiya ilə münasibətlərdə kəskin konfrantasiya vəziyyətindən hər zaman çəkinib. Eyni zamanda Finlandiyada da müxtəlif hakimiyyətlər dövründə Rusiya ilə münasibətlərdə açıq tarana getmək yerinə qarşılıqlı əməkdaşlıq variantına üstünlük verilib. Bu baxımdan da Finlandiya onun NATO-ya inteqrasiyasının Rusiyanı narahat etməyəcəyi formasını seçib. Biz, əslində Rusiya tərəfindən verilən bəyanatların tonuna və həmçinin məzmununa baxanda da görürük ki, Rusiya Finlandiyanın NATO-ya inteqrasiya etməyi məsələsinə o qədər də kəskin mövqe ortaya qoymur. Çünki Rusiya ilə Finlandiya arasında həm rəsmi imzalanmış sazişlər var, həm də eyni zamanda pərdə arxasında müəyyən centilmen razılaşmaları var və indiyə qədər nə Finlandiya, nə də Rusiya tərəfindən bunun pozulmasını biz müşahidə etməmişik".
Siyasi şərhçi qeyd etdi ki, Rusiya NATO-nun sərhəddə ordu yerləşdirməsinə ciddi reaksiya verə bilər.
"NATO-nun 4-5 min əsgərdən ibarət zirehli briqadasının Finlandiyanın Rusiya sərhədlərində cəmləşdirməsi rəsmi Kremlin daha sərt diplomatik üslubdan istifadə edəcəyi deməkdir. Amma Finlandiyada hansısa qoşun cəmləşmələrinin toplanması NATO ilə Rusiya arasında geniş çaplı bir müharibəyə səbəb olmayacaq və yaxud ümumiyyətlə Finlandiyanın Rusiya ilə hansısa hərbi eskalasiya riskini yaratmır. Sadəcə olaraq diplomatik səviyyədə qarşılıqlı şəkildə, məsələn, Rusiyanın Finlandiyadakı səfirinin geri çağırılması kimi addımlar atıla bilər. Eyni zamanda Finlandiyanın müxtəlif diplomatik korpuslarının və yaxud da müxtəlif siyasi institutlarının Rusiya əleyhinə bəyanatlarına şahidlik edə bilərik. İndiki halda bu, sadəcə olaraq mətbuatda yayılmış bir informasiyadır. Əgər bu doğrudan reallığa çevrilərsə, o zaman Finlandiya ilə Rusiya arasında qarşılıqlı toqquşmalar baş verə bilər. Amma qeyd etdiyim kimi, bu geniş, çoxlu bir konfrantasiya vəziyyəti yaratmayacaq", - deyə Tural İsmayılov vurğuladı.
Türkan İSGƏNDƏRLİ