Putin Paşinyanla görüşəcək - YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin Rusiya və Ermənistan liderləri arasında bu gün baş tutan telefon danışığı ilə bağlı yaydığı bəyanatda bildirilib.
Kremldən xatırladılıb ki, V.Putin bu yaxınlarda Azərbaycanda dövlət səfərində olarkən Ermənistanın baş naziri ilə əlaqə saxlayacağını, Bakıda aparılan danışıqların nəticələri barədə ona məlumat verəcəyini bildirib.
“Rusiya tərəfi Ermənistan və Azərbaycana sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin irəlilədilməsi, habelə nəqliyyat və logistika kommunikasiyalarının açılmasına bundan sonra da yardım göstərməyə hazır olduğunu təsdiqləyib”, - məlumatda qeyd olunub.
13:20
Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Rusiya Prezidenti Ermənistanın Baş nazirinə ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə məlumat verib və buna görə Paşinyan Prezident Putinə minnətdarlığını bildirib.
Tərtəflər Ermənistan və Rusiya arasında gündəlikdəki ikitərəfli məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda görüşmək barədə razılığa gəliblər.