"Azərbaycan-Özbəkistan əlaqələrinin gücləndirilməsi böyük perspektiv vəd edir" - Politoloq
"Prezident İlham Əliyevin Özbəkistana səfəri iqtisadi cəhətdən əhəmiyyət kəsb edir".
Bunu Redaktor.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərini şərh edərkən bildirdi.
"Prezidentlə bərabər səfərə gedən nümayəndə heyətinin tərkibinə baxdıqda biz bu səfərin nə dərəcədə əhəmiyyətli olduğunu görə bilərik. Çünki bu səfərdə Azərbaycanın energetika naziri, iqtisadiyyat naziri, eyni zamanda, SOCAR-ın rəhbərliyi və digər önəmli şəxslərin orada iştirak etməsi, Azərbaycan və Özbəkistanın bir sıra sahələrdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı sənədlərin imzalanacağını göstərir. Hesab edirəm ki, bu səfərdə iqtisadi əlaqələrin dərinləşdirilməsi, nəqliyyat, kommunikasiya əlaqələrinin möhkəmləndirilməsinə xüsusi diqqət yetiriləcək. Özbəkistan böyük bir bazardır və Azərbaycanın orada böyük investisiya qoymaq imkanı potensialı var və onu böyük ehtimalla dəyərləndirəcəklər."
Politoloq qeyd etdi ki, bu səfər Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin dərinləşdirilməsi perspektivini vəd edir.
"Üstəlik, siyasi sahədə əməkdaşlığın dərinləşdirilməsi böyük perspektiv vəd edir. Azərbaycan həm də bildiyimiz kimi bir müddət öncə Şanxay Əməkdaşlıq Təşkilatında iştirak etdi. Yəni gələcəkdə bu perspektiv də mövcuddur ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin dərinləşdirilməsi mümkün ola bilsin. Digər ölkələr kimi Özbəkistan da orada iştirak edir və oranın üzvüdür. Ona görə də bir sıra sahələrdə həm ikitərəfli əlaqələr, həm regional, həm də qlobal səviyyədə bizim əlaqələrini dərinləşdirməyimizə ehtiyacımız var. Bu baxımdan yəqin ki, bu səfər çərçivəsində təkcə siyasi əlaqələr deyil, həm də iqtisadi, hərbi, təhlükəsizlik, mədəni əlaqələr, hətta təhsil sahəsində əlaqələrin dərinləşdirilməsinə böyük ehtiyac olduğunu düşünürəm", - deyə S.Hümbətov bildirdi.
Qeyd edək ki, Prezidentin Özbəkistan səfəri bu gün başa çatacaq.
Türkan İSGƏNDƏRLİ