BMT kibercinayətkarlıqla mübarizə haqqında konvensiyanı niyə qəbul edə bilmir? - Hüquqşünasdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, 29 iyul - 09 avqust tarixlərində BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında “Kibercinayətlərə və İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizə ilə bağlı Beynəlxalq Konvensiya”nın hazırlanması üzrə yekun iclas keçirilib. Lakin BMT-yə bütün üzv dövlətlərin cəlb olunduğu, Azərbaycan Respublikasının da fəal iştirak etdiyi və 3 ildir davam edən bu prosesin son sessiyasında bir sıra dövlətlərin nümayəndə heyətlərinin ciddi fikir ayrılıqları səbəbindən yekun layihənin qəbulunda çətinliklər yaranıb.
Kibercinayətkarlıqla mübarizə haqqında universal Konvensiyanın qəbulu dövlətlərə nə vəd edir?
Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, kibercinayətkarlıq müasir dövrün təhlükəli cinayətlərindən olduğu üçün beynəlxalq birlik ona qarşı mübarizənin yeni üsul və vasitələrini tətbiq etməyə çalışır. Onun sözlərinə görə, BMT tərəfindən təqdim olunan Kibercinayətkarlıqla bağlı Konvensiya layihəsində bu üsul və vasitələr öz əksini tapıb.
"Bəs bunlar üzv dövlətləri qane edirmi və Konvensiya qəbul olunduğu təqdirdə dövlətlər üçün nə qədər əhəmiyyətli olacaq? Bu sualın cavablandırmazdan öncə gəlin, qısaca olaraq kibercinayətkarlığın dövlətlər üçün artan təhlükəsinə diqqət yetirək.
Müasir dünyada informasiya cəmiyyətinin inkişafı, başqa sahələrdə olduğu kimi qloballaşmanın informasiya mühitinə də sirayət etməsi bu sahədə transmilli cinayət olaraq kibercinayətkarlığın inkişafına səbəb olub. İstər milli, istərsə də beynəlxalq səviyyədə informasiya cəmiyyətinin kibercinayətkarlıqdan mühafizəsi olduqca zəruridir. Doğrudur, bu, cinayətkarlığın yeni bir növü olduğu üçün dövlətlərin milli hüquq sistemində tam əks olunmayıb və tətbiqi mexanizmlıəri formalaşmayıb. Hüquqi tənzimləmənin zəif olmasının nəticəsidir ki, bu gün kibercinayətkarlıq cinayətkar qəsdlərin ən təhlükəli növünə çevrilib. Dövlətlərin isə bu cinayətkarlığa qarşı təkbaşına mübarizəsi real nəticənin əldə olunmasını mümkünsüz edir. Buna baxmayaraq, dövlətlər BMT-nin “Kibercinayətlərə və İnformasiya-kommunikasiya texnologiyalarından cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizə ilə bağlı Beynəlxalq Konvensiya”sının qəbuluna o qədər də böyük diqqət göstərmirlər. Məlumdur ki, Baş Assambleya 74/72 nömrəli qətnaməsi ilə informasiya və kommunikasiya texnologiyalarının cinayət məqsədləri üçün istifadəsinə qarşı mübarizə haqqında geniş beynəlxalq konvensiya hazırlamaq üçün bütün regionları təmsil edən ekspertlərdən ibarət açıq hökumətlərarası komissiyanın yaradılması barədə qərar qəbul edib".
Əlövsət Allahverdiyev qeyd etdi ki, daha sonra Baş Assambleyanın 78/549 saylı qətnaməsinə uyğun olaraq, 29 iyul - 9 avqust 2024-cü il tarixlərində Nyu-Yorkda yenidən çağırılmış yekun sessiya keçirilib.
"Təbii ki, universal səviyyədə belə bir konvensiyanın qəbulu təqdirəlayiqdir, lakin onun reallaşması mümkündürmü və yaxud onun mümkün etməyən səbəblər nələrdir? Məsələ burasındadır ki, müqavilə uzun illərdir müzakirə olunur və ilk dəfə 2000-ci illərin əvvəllərində BMT sənədlərində ideya kimi ortaya çıxıb. O vaxtdan bəri milli nümayəndə heyətləri Vyana və Nyu-Yorkda BMT-də altı danışıqlar sessiyası keçirib, lakin müqavilənin tətbiqi və mətninin ümumi anlaşılması istiqamətində çox az irəliləyiş əldə olunub. Səbəb isə üzv dövlətlərin kibercinayətkarlıq və ona qarşı mübarizə, internetin tənzimlənmə qaydaları, insan hüquqlarının müdafiəsi və qəbul olunacaq bu Konvensiyanın insan hüquqlarına təsirinin olub-olmaması ilə bağlı əsaslı şəkildə fərqli baxışları var. Məsələn, Konvensiyanın qəbuluna qarşı olan dövlətlər iddia edirlər ki, BMT səviyyəsində rəqəmsal hüquqlara dair müqavilə olmadığı halda, bu saziş beynəlxalq səviyyədə tanınmış insan hüquqlarına zidd ola bilər. "Access Now" və ya Beynəlxalq Mətbuat İnstitutu kimi vətəndaş cəmiyyəti təşkilatları buna görə də şəxsi məlumatların və xüsusiyyətlərin Konvensiyaya uyğun olaraq təqibdən xaric edilməsini təmin etməyə çalışırlar. Sual oluna bilər ki, kibercinayətkarlığa qarşı Avropa Şurası tərəfindən Budapeşt Konvensiyası qəbul olunduğu halda ikinci bir Konvensiyanın qəbulunu zəruri edən hansı amillərdir? Məsələ burasındadır ki, Budapeşt Konvensiyası regional beynəlxalq Konvensiyadır. Baş Məclis tərəfindən qəbul olunacaq Konvensiya isə universal olaraq bütün dövlətləri əhatə edə biləcək" - deyən hüquqşünasın sözlərinə görə, ikincisi, bu Konvensiya layihəsində əsas anlayışlar Budapeşt Konvensiyasındakı anlayışlara əsaslanır, sədəcə onlar siyasi səbəblərə görə fərqli adlandırılırlar:
"Demək olar ki, mahiyyət eynidir, fərq anlayışların ifadə olunmasında özünü göstərir. Əsas məsələ odur ki, bu Konvensiya internet və digər kompüter şəbəkələri vasitəsilə törədilən cinayətlərə dair ilk beynəlxalq müqavilə hesab olunur. Burada müəllif hüquqlarının pozulması, kompüterlə bağlı fırıldaqçılıq, uşaq pornoqrafiyası, nifrət cinayətləri və şəbəkə təhlükəsizliyinin pozulması ilə bağlı məsələlər öz əksini tapıb. Lakin, kibercinayətkarlıqla mübarizə sahəsində milli qanunvericiliyin beynəlxalq səviyyədə cinayətkarları təqib etmə gücü yoxdur, yəni dövlətin milli qanunvericiliyi onun hüdudlarından kənarda heç bir gücə malik deyil təbii ki. Məhz bunun üçün kibercinayətkarlıq sahəsində universal beynəlxalq konvensiyanın konvensiyasının qəbulu və işlək mexanizminin olması vacibdir. Sadəcə dövlətləri narazı salan bir neçə müddəa var ki, bunlar da fikrimizcə əsaslıdır. Məsələn, BMT tərəfindən təklif olunan Kibercinayətkarlıq Konvensiyasının 24-cü maddəsində dövlətlərin daxili nəzarət səlahiyyətlərindən istifadə edərkən insan hüquqlarını necə qorumalı olduğu göstərilir. 24-cü maddə insan hüquqlarının mərkəzi prinsipi olan mütənasiblik prinsipini faydalı şəkildə birləşdirsə də, o, özündə qanunçuluq, zərurilik və ayrı-seçkiliyə yol verməmək prinsiplərini açıq şəkildə ehtiva etmir. Qanunçuluq prinsipi qanunların aydın, açıq və dəqiq olmasını tələb edir ki, bu da fərdlərin nəyin kriminallaşdırıldığını başa düşməsini təmin etsin. Zərurət prinsipi insan hüquqlarına hər hansı müdaxilənin qanuni məqsədə nail olmaq üçün mütənasib olmasını təmin edir. Ayrı-seçkiliyə yol verilməməsi prinsipi qanunların və siyasətlərin irqi, rəngi, cinsi, dili, dini, siyasi və ya digər əqidəsi, milli və ya sosial mənşəyi, mülkiyyəti, mənşəyinə görə heç bir ayrı-seçkiliyə yol verilmədən bütün fərdlərə bərabər və ədalətli şəkildə tətbiq edilməsini tələb edir. Bu prinsiplər olmadan təhlükəsizlik tədbirləri natamam və qeyri-adekvatdır, bu da nəzarət səlahiyyətlərindən sui-istifadə riskini artırır".
Əlövsət Allahverdiyev 40-cı maddəyə də diqqət çəkərək bildirdi ki, bu maddə dövlətlər arasında qarşılıqlı hüquqi yardımın (QHY) prinsip və prosedurlarını əks etdirir:
"O, dövlətlərə “Konvensiyaya uyğun olaraq” müəyyən edilmiş cinayətlərlə, xüsusən də müxtəlif kibercinayətləri əhatə edən 6-16-cı maddələrdə qeyd olunan cinayətlərlə bağlı təhqiqatlar, təqiblər və məhkəmə icraatlarında QHY-ın ən geniş ölçüsünü təmin etməyi tapşırır. Maddə elektron sübutların toplanması sahəsində əməkdaşlıq çərçivəsini müəyyən edir və QHY-ın müvafiq qanun və müqavilələr çərçivəsində mümkün qədər tam şəkildə yerinə yetirilməsini təmin edir.
Bundan əlavə, Konvensiyanın 40-cı maddəsinin 8-ci bəndi ölkələrə aşağıdakı hallarda yardım üçün müraciətdən imtina etməyə icazə verir:
sorğu Konvensiyanın qaydalarına uyğun gəlmirsə;
yardım ölkənin suverenliyinə, təhlükəsizliyinə və ya digər mühüm maraqlarına zərər verirsə;
sorğu edilən hərəkət onların yurisdiksiyaları daxilində oxşar cinayətə tətbiq olunarsa və bu, sorğu edilən ölkənin qanunlarına zidd olarsa.
40-cı maddənin 4-cü bəndində isə proaktiv məlumat mübadiləsi və onun risklərindən bəhs olunur. Bu maddə həmçinin səlahiyyətli orqanlara cinayət işləri haqqında məlumatı rəsmi sorğu olmadan fəal şəkildə xarici həmkarları ilə paylaşmağa icazə verir. Beynəlxalq əməkdaşlığı asanlaşdırmaq məqsədi daşısa da, bu müddəa məxfilik və məlumatların qorunması üçün əhəmiyyətli risklər yaradır. Ciddi qorunma tədbirləri olmadan, həssas şəxsi məlumatlar çox sərbəst şəkildə paylaşıla bilər ki, bu da potensial olaraq sui-istifadəyə səbəb ola bilər, xüsusən də qəbul edən ölkədə məlumatların qorunması ilə bağlı güclü qanunlar yoxdursa. 40.4-cü maddə fərdi məlumatların yalnız konkret cinayət təhqiqatları, təqiblər və məhkəmə prosesləri üçün tamamilə zəruri olduqda və məlumatların etibarlı qorunması qaydaları ilə paylaşılmasını təmin etmək üçün dəyişdirilməlidir.
Göründüyü kimi, üzv dövlətlər Konvensiyanın qeyd olunan bu və ya digər müddəalarını qəbul etmir və onların dəyişilməsini təklif edirlər. BMT heyəti isə bu kimi dəyişikliklərin zəruri olmadığı qənaətindədirlər".
Hüquqşünas sonda qeyd etdi ki, davamlı müzakirələrdə daha çox məsələlərin aydın olacağı gözlənilir.
Türkan İSGƏNDƏRLİ