"Bütün türk dövlətləri bu şəkildə bir-biri ilə müttəfiq olacaqlar" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb.
Siyasi şərhçi Turab Rzayev Redaktor.az-a bildirdi ki, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər son 30 ilin ən böyük uğurlarından biridir.
"10 il əvvəl heç kəsin ağlına gəlməzdi ki, Azərbaycan və Özbəkistan, tarixi, dili, dini, milli kimliyi bir olan bu xalq bu qədər bir-birinə yenidən yaxından bağlana bilər. Faktiki olaraq, Azərbaycanın Türkiyədən sonra ikinci belə bir türk ölkəsi ilə müttəfiqlik münasibətləri oldu. Özbəkistan Orta Asiyanın yüksələn ulduzudur. Özbəkistanın Mərkəzi Asiyada bir ulduz kimi parıldayacaq çox böyük inkişaf perspektivləri var. Hər il Özbəkistan əhalisi 1 milyon nəfər artır. Özbəkistan iqtisadiyyatı daim yeni investisiyalar tələb edir, iqtisadiyyatı böyüməkdədir və əlbəttə ki, Azərbaycan da bu böyümədən pay almalıdır və eyni zamanda qardaş xalq, dövlət kimi öz investisiya dəstəyimizi verməliyik. Təsadüfi deyil ki, Özbəkistanla birlikdə investisiyalar üçün 5 yüz milyon dollarlıq ortaq bir investisiya fondu yaradıldı. Artıq demək bütün layihələr yerinə yetirilib. İndi müqavilə ilə strateji sahə 20-yə çıxarılıb".
Politoloqun sözlərinə görə, Azərbaycan digər türk dövlətləri ilə də sıx əməkdaşlıq quracaq.
"Azərbaycan təkcə Özbəkistanda deyil, digər ölkələrdə müqavilə imzalayıb, əməkdaşlıq edəcək. Bundan sonra Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistanda bir layihəyə həm Azərbaycan, həm də Özbəkistan ortaq şəkildə də qatıla bilər. Bu da türk dünyasının inkişafı deməkdir. Təsəvvür edin ki, Azərbaycanla Özbəkistan birgə üçüncü bir türk ölkəsinə yatırım edir. Bütün türk ölkələri yaxınlaşır. Mən güman edirəm ki, gələcəkdə bütün türk dövlətləri bu şəkildə bir-biri ilə strateji partnyor, strateji müttəfiq olacaqlar. Türk Dövlətləri Təşkilatını güclü edəcək məqam elə sırf budur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, gələcəkdə Avrasiya məkanında dörd yüksələn güc olacaq: Polşa, Türkiyə, Azərbaycan və Özbəkistan. Çox gözəl haldır ki, bu dörd ölkənin üç türk ölkəsidir. Bu türk ölkələri bir-birinə rəqib, düşmən kimi yox, strateji müttəfiq və ortaq kimi baxmalıdır, bu istiqamətdə iqtisadi, siyasi münasibətləri inkişaf etdirməlidir", - deyə Turab Rzayev qeyd etdi.
Türkan İSGƏNDƏRLİ