"Qərb Zəngəzur dəhlizinin açılmasını müəyyən səbəblərə görə istəyə bilər" - Tofiq Zülfüqarov

 17:55 27.08.2024     347

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb. Şübhəsiz ki, bu səfər çərçivəsində mühüm şəxslərlə görüşlər və mövzular müzakirə olunacaq.

Bəs Azərbaycan XİN rəhbərinin Türkiyə səfərindən gözləntilər nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, burada müzakirə oluna biləcək vacib mövzulardan biri kommunikasiya xətti, şərti adla desək, Zəngəzur dəhlizidir.

"Azərbaycan və Türkiyə Ermənistanın Zəngəzur dəhlizinə qarşı mövqeyinə etiraz olaraq bəyan ediblər ki, bəzi kommunikasiyalar İran tərəfindən keçsin. Ancaq ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn qətiyyətlə bildirib ki, İran və Rusiyanın buradan istifadəsi və yerləşməsi qəbuledilməzdir. Bu baxımdan biz görürük ki, Zəngəzur mövzusuna aid məsələlər çoxdur. Ceyhun Bayramovun Türkiyədə səfərdə olması da bu mövzunun mütləq müzakirə olunacağının göstəricisidir. Digər bir mövzu odur ki, erməni tərəfi israrlıdır ki, Türkiyə ilə kommunikasiyaları açılsın. Bu sərhədin hansı şəraitdə açılması da müzakirə mövzusu olacaq. Türkiyə tərəfi bəyan edib ki, bu məsələdə mövqeyi ancaq və ancaq Azərbaycan mövqeyi ilə uyğun olmalıdır. Ona görə də bu mövzuya aid fikir mübadiləsi çox realdır", - deyə o, bildirdi.

Tofiq Zülfüqarovun sözlərinə görə, Qərb də Zəngəzur dəhlizinin açılmasını müəyyən səbəblərə görə istəyə bilər:

"Biz görürük ki, Ermənistan-Azərbaycan məsələsində də irəliləyişlər var. İlk olaraq Zəngəzura aid mövqelər dinamikadadır. Onu qeyd eləmək lazımdır ki, Azərbaycan və Türkiyənin mövqeyi bəllidir. Amma ondan qabaq O'Brayn tərəfindən açıqlanıb ki, Amerikanın mövqeyi əsasında Mərkəzi Asiya ölkələri ilə iqtisadi və siyasi əlaqələr Qərbdə çox vacib bir mövzudur və bu baxımdan administrasiya dəstəyi ondan ibarətdir ki, bu əlaqələr Zəngəzur yolu vasitəsilə həyata keçirilsin".

Türkan İSGƏNDƏRLİ