Ermənistanın silahlandırılmasında İranla Qərbin separat danışıqları var - Deputatdan ilginc AÇIQLAMA

 18:25 27.08.2024     485

"Ermənistanı silahlandıran o qüvvələrdir ki, onlar burada sülhün bərqərar olmasını istəmirlər. Sülhün bərqərar olması onların iqtisadi, siyasi və hərbi maraqlarına ziddir".

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev Ermənistanın İran ərazisi vasitəsilə silahlandırılmasını şərh edərkən dedi. Onun sözlərinə görə, burada İranın xüsusi maraqları var:

"Burada təbii ki, adı çəkilən qonşu dövlətlər də var. Məlum məsələdir ki, Azərbaycanın  geosiyasi mövqeyi elədir ki, mütləq şəkildə istər Orta Dəhliz, istər daşımalar birmənalı şəkildə Azərbaycan ərazisi ilə həyata keçirilir. Təbii ki, İranın öz özəl maraqları var və ciddi cəhdlə çalışır ki, Zəngəzur dəhlizinə müəyyən qədər nəzarət etsin.

Eyni zamanda, Qərbin Ermənistana silah-sursatın göndərilməsi, bu İranın özünü də narahat etməlidir. Ancaq çox təəssüf doğuran məqam budur ki, İran sərhədlərinin yaxınlığında bu qədər NATO, Qərb dövlətlərinə məxsus olan silahlar onları narahat narahat etmir. Deməli, bu məsələdə də onların özəl separat danışıqları var".

Arzu Nağıyev bildirdi ki, Azərbaycan istənilən təhdidin qarşısını ala biləcək gücdədir:

"Azərbaycan istənilən baş verə biləcək hadisələrə və dövlətimizə olan təhdidin qarşısını almağa daim hazırdır. Baxmayaraq ki, onlar silah-sursat verir, bütün Cənubi Qafqazda olan dövlətlər -Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan hamısı maraqlı olmalıdır ki, bu silah nə qədər çox olsa, çox ciddi fəsadlara, yeni bir ocağın alovlanmasına gətirib çıxara bilər. Buna görə də o dövlətlər də birmənalı şəkildə bunun nə olduğunu başa düşməli və dövlətlər də öz silahlarının verilməsini dayandırmalıdır. Bir daha qeyd edirəm, Azərbaycan qalib dövlətdir, güclü silahları, ordusu var və istənilən təcavüzün qarşısını almağa qadirik. Sadəcə olaraq hamısı başa düşməlidir ki, bütün regionda bu gün müharibənin qarşısını almaq, sülh müqaviləsinin imzalanması əsas məqamlardan biri olmalıdır".

Qeyd edək ki, avqustun 21-də caliber.az informasiya portalı öz mənbələrinə istinadən yazıb ki, Qərb dövlətləri, o cümlədən ABŞ üçüncü dövlətlərin köməyi ilə İrəvana öldürücü silahlar göndərir. Məlumatda Fransa, Almaniya və ABŞ silahlarının İran vasitəsilə Ermənistana çatdırıldığı vurğulanıb.

Türkan İSGƏNDƏRLİ