Parlament seçkilərindən sonra siyasi sistemdə nələr dəyişəcək?
Milli Məclisə seçkilərin keçirilməsinə bir neçə gün qalır. Bu seçki qalib Azərbaycanın yeni siyasi erasının uğurlu təşkili məqsədilə idarəetmə sisteminin reformasiyası üçün mühüm siyasi alət olaraq dəyərləndirilə bilər. Necə ki, 2018-ci ildən cənab Prezident İlham Əliyevin başlatdığı geniş əhatəli islahatlarla idarəetməyə yeni nəfəs gətirildi və 2020-ci ildəki növbədənkənar parlament seçkiləri sonrası bizi Zəfərə aparan prosesin içərisinə daxil olduq, eləcə də 2024-cü ilin parlament seçkiləri sonrası yeni quruculuq dövrü başlayacaqdır. Bu quruculuq nələri əhatə etməlidir? İlk olaraq sistem özü özünü yeniləyə, daha işlək modellərin tətbiqini öz bərabərində gətirə bilərmi?! Bunun üçün nə edilməlidir? kimi suallar yaranır. Bu suallara cavab olaraq hər kəsin ağlına gələn hələ ötən ildən bəri gündəmə gətirilən referendum mövzusudur. Növbədənkənar parlament seçkilərindən əvvəl ölkəmizdə referendumun keçiriləcəyini iddia edənlər vardı. İndi isə bu iddialar referendumun seçkilərdən, COP-29-dan sonra və dolayısıyla 2025-ci ildə (yaxud ondan sonra) baş tutacağı ilə bağlıdır. Bəzi iddialara görə isə bu, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması, Ermənistanın öz Konstitusiyasını dəyişməsi və bir-biri ilə əlaqədar regional proseslərlə bağlıdır. Əsas iddialar budur ki, referendum nəticəsində qanuncerici sistem yenilənəcək, Milli Məclis üzvlərinin sayı 125-dən 151-ə qaldırılacaq, seçkilər hazırkı majoritar qaydada deyil, proporsional qaydada keçiriləcək və s. Bütün bunlar fundamental məsələlər olmaqla yanaşı, arxa planda qalan, müzakirə olunmayan bir məsələ var ki, burada bu məsələni işıqlandırmağa çalışacağam.
Bu yaxınlarda mənə belə bir sual ünvanlandı: “Parlamentimizin iki palatalı sistemə keçməsi barədə nə düşünürsünüz?” Bundan 2 il öncə, 2022-ci ilin iyulunda Avropa Şurasının konstitusiya hüququ üzrə məsləhətçi qurumu olan Venesiya Komissiyası da ölkəmizə bənzər sual ünvanlamışdı. Sual belə idi: “Ölkədə haçansa iki palatalı (ing.- bicameral) parlament sistemi mövcud olubmu? Olubsa, bu hansı dövrlərdə olub? Hazırda iki palatalı sistemə dair ictimai müzakirələr aparılırmı?” Bu sual iki palatalı parlament mövzusunda hazırladığı hesabat üçün Komissiyanın bütün üzv dövlətlərinə (61 üzvü var, Azərbaycan da bura daxildir) ünvanlanmışdı. Azərbaycandan rəsmi cavab: “Ölkədə heç vaxt iki palatalı parlament sistemi mövcud olmayıb.” Sualın ikinci hissəsinə dair əlavə edim ki, iki palatalı sistemə keçid barədə ictimai müzakirələr həm Ulu Öndər Heydər Əliyevin dövründə, həm də 2009-cu il Konstitusiya dəyişikliyi dövründə olmuşdur, hazırda isə bu mövzuya münasibətdə sanki bir laqeydlik, bəlkə də bir ehtiyatlılıq var. Çünki, iki palatalı parlament qanunvericilik sisteminin iki hissəyə parçalanmasını özündə ehtiva edir və bunun milli reallıqlarımız çərçivəsində yaxşı yaxud pis nəticələnəcəyini ehtimal etmək ilk baxışda çətin gəlir. Həmçinin bu, yalnız Konstitusiya dəyişikliyi ilə mümkündür.
Bilirik ki, 1995-ci ildə qəbul edilən “Ana Yasa”mıza 2002, 2009 və 2016-cı illərdə dəyişikliklər edilib. Konstitusiyaya ona görə “Ana”, ali qanun deyirik ki, o, bütün qanunvericilik aktlarından üstündür. Bu ali qanuna yalnız xalqın iradəsi, ümummilli məram və istək ilə əlavə və dəyişikliklər edilə bilər. Bu isə, təbii olaraq, mövzunu xalqın geniş ictimai müzakirəsinə çıxarmağı tələb edir.
Qədim mədəni sivilizasiyalar ümummilli və həyati əhəmiyyətli məsələlərin həlli üçün icma rəhbərlərini bir araya toplayaraq müzakirələr təşkil edərdilər. Beləcə, qədim Mesopotamiyada (ilk bilinən sivilizasiya - müasir Suriya və İraq ərazisindəki qədim şumer dövləti) eramızdan 2500 il əvvəl ümummilli məclislər təşkil olunurdu. Məşhur amerikalı şumerşünas Kramer bu dövrü araşdıraraq “Tarix Şumerdən başlayır” adlı kitabının bir bölməsini “İlk iki palatalı parlament” adlandırmışdı. Eramızdan 500 il əvvəl isə yunanlar mərkəz Afinada Ecclesia, yəni milli məclis qurdular. Ecclesia ildə 40 dəfə toplaşır və yalnız kişilərdən təşkil olunurdu. İki palatalı parlament sisteminin tətbiqi də beləcə ən qədim dövrlərə gedib çıxır. Qədim yunan şəhər dövlətlərində, o cümlədən qədim Roma Respublikasında (e.ə 509-e.ə.27) parlament mövcud olub. Bu da iki palatalı parlament olub yuxarı və aşağı palatalardan təşkil olunurdu. Yuxarı palatanı zadəganlar (patrisilər), aşağı palatanı isə sadə vətəndaşlar (plebeylər) qururdular. Beləcə hər iki sinif, xalqın zəngin və zəngin olmayan iqtisadi seqmentləri qanunverici hakimiyyətin təşkilində iştirak imkanı əldə edirdi. Bu, çıxarılacaq qanun və qərarların hər iki sinfin maraqlarını təmin etməsi baxımından əhəmiyyətli idi. Beləcə, müasir demokratiyanın beşiyi sayılan yunan-roma sisteminə aid iki palatalı qanunvericilik daha sonra, 12-13-cü əsrlərdə Avropada konstitusional monarxiyalara keçid dövründə təkrar tətbiq olunmağa başladı. Orta əsrlərdə aristokrat və zadəganların palatasının yaradılması əslində sadəcə olaraq onların üstünlüklərinin (privilegiyalarının) qorunmasına hesablanmış addım idi. İlk baxışda bizə müasir dövrdə, kapitalizm dövründə zadəgan və aristokratların üstünlüklərini qorumaq lazım olmadığı üçün, iki palatalı parlament də lazımsız görünə bilər. Lakin bu həqiqətən belədirmi?! Əslində müasir kapitalizmdə (post-kapitalizm dövründə) də əhalinin sosial stratifikasiyası aparılaraq, yuxarı, orta və aşağı siniflər ayırd edilir və beləcə, sosial siniflərin öz mövcudiyyətlərini qoruduğu nəzərə alınaraq onların hər birinin marağını təmsil edən parlamentə hələ də ehtiyac var.
20-ci əsrin əvvəllərində “tək palatalı yoxsa iki palatalı parlamentlər daha demokratik, yaxud daha effektivdir?” sualı ətrafındakı debatda iki palatalı parlamentin dəstəkçiləri əsasən bunu qeyd edirdilər ki, tək palatalı parlamentlər demokratik dövlətlərdə nadirən rastlanır. Belə ki, 20-ci əsrin əvvəllərində bir palatalı parlament çox nadirən (məsələn, Avropada sadəcə Serbiyada, Yunanıstanda) mövcud idi. Lakin digərləri Balkan dövlətlərini (Bolqarıstan, Monteneqro) yaxud Norveçi misal göstərərək qeyd edirlər ki, təkpalatalı parlament ilə də bütün sosial siniflərin hakimiyyətdə təmsili, cəmiyyətin sülh və rifah içərisində birgə varlığı mümkündür. Ümumiyyətlə, 20-ci əsrin əvvəllərindən bəri iki palatalı parlamentlərin sayı xeyli azalmışdır. Yenə də, bu günkü dünyamızda parlamentlərin 40%-i, xüsusilə inkişaf etmiş birinci dünya dövlətlərindəki (o cümlədən ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və s.) parlamentlər iki palatalıdır. SSRİ parlamenti olan Ali Sovet (Ali Şura) də ikipalatalı idi – yuxarı palata Millətlər Soveti, aşağı palata isə İttifaq Soveti adlanırdı. Millətlər Sovetinin ən son sədri Rafiq Nişanov özbək idi. Bu günün özündə də bir sıra post-Sovet ölkələri, o cümlədən Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Özbəkistan iki palatalı parlamentə malikdirlər. Türkmənistanda cəmi 2 il ərzində, yəni 2021-2023-cü illərdə ikipalatalı qanunvericilik sistemi təcrübə edilmişdir. Türkiyə isə 20 il bu sistemi təcrübə edib, belə ki, 1961-ci ildəki Konstitusiya dəyişikliyindən 1981-ci ildəki dəyişikliyədək qanunverici hakimiyyət iki palatalı parlamentdən ibarət olub.
1991-ci ildə ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra keçmiş Ali Sovetin fəaliyyətinə dəyişikliklər edilməsi zəruri idi. Bu məqsədlə Ulu Öndər Heydər Əliyev 1995-ci ildə yeni Konstitusiya və parlamentə seçkilərin keçirilməsi ilə əlaqədar qanun layihəsini hazırlanmağa məsul olan Komissiya yaratmışdı. Komissiyanın müvafiq araşdırma sonrası müzakirəyə qaldırdığı iki layihə vardı: birincisi - birpalatalı parlament, qarışıq, yəni majoritar və proporsional seçki sistemi üzrə; ikincisi – ikipalatalı parlament, yuxarı palata – majoritar, aşağı palata isə qarışıq sistem üzrə. Ulu Öndər 26 iyul 1995-ci il tarixli çıxışında bildirir ki, o, birpalatalı parlament layihəsi üzrə Şahin Əliyev, ikipalatalı parlament layihəsi üzrə Səfa Mirzəyevin məlumat verməsinə dair göstəriş verib. Bilirik ki, nəticə olaraq birinci layihə qəbul edilmiş və 1995-ci ildə ilk dəfə Azərbaycan Respublikasının Milli Məclisinə - birpalatalı parlamentə seçkilər qarışıq sistem üzrə keçirilmişdi – 100 deputat majoritar, 25 deputat isə proporsional seçki sistemi əsasında seçilmişdi. O zaman Heydər Əliyev vurğulayırdı: “Demokratiyanın ən geniş inkişaf etdiyi Qərb ölkələrində, o cümlədən bütün sahələrdə təcrübəsinə istinad etdiyimiz ABŞ-da seçkilər ancaq majoritar sistem əsasında keçirilir.” O zaman proporsional seçki sisteminə tam keçid həm də ona görə doğru hesab edilməmişdi ki, Azərbaycanda siyasi partiyalar hələ tam olaraq formalaşmamışdı, üzv sayları məhdud olmaqla partiyalar bütün ölkə vətəndaşlarını əhatə etmirdi və beləcə proporsional təmsilçilik imkanı yaratmırdı. Belə ki, o dövrdə bütün partiyaların bir yerdə üzvlərinin sayı cəmi 450 minə yaxın idi. Həmin dövrdə ölkə əhalisi 7,5 milyon nəfər idi ki, bu da partiyaların əhali sayına uyğun təmsilçilik imkanlarının məhdud olması demək idi. Daha bir səbəb ölkəmizin üzləşdiyi işğal və dağıntılar idi ki, belə bir dövrdə, bir milyon qaçqının və məcburi köçkünün olması da nəzərə alınaraq ancaq majoritar seçki sisteminin tətbiqi məqsədəuyğun sayılmışdı. Bu, həm də Komissiya tərəfindən cəlb edilən xarici ekspertlərin məsləhəti əsasında alınan qərar idi. 2002-ci ildəki referendum və Konstitusiya dəyişikliyi ilə isə proporsional seçki sistemi Azərbaycanda ləğv edildi.
30 illik hərbi-siyasi və ideoloji hazırlıq, dövlət-ordu-xalq birliyinin yaratdığı “Dəmir Yumruq” bizi Vətən müharibəsində qələbəyə gətirdi. Ərazi bütövlüyümüz 44 günlük müharibənin ardından aparılan hərbi-siyasi əməliyyatlar və xüsusilə 19-20 sentyabr 2023-cü il tarixli 1 günlük antiterror tədbiri və 24 may 2024-cü il tarixində 4 kəndimizin bir güllə atılmadan (red. -siyasi əməliyyat sayıla bilər) geri alınmasından sonra tam olaraq bərpa olunmuşdur. Artıq Qarabağa və Şərqi Zəngəzura “Böyük Qayıdış” proqramı uğurla icra olunmaqdadır. Qarşıdakı dövrü bu baxımdan “Zəfər dövrü” adlandıra bilərik. Yeni dövr yeni siyasi quruculuqla, ictimai-iqtisadi həyatın canlanması, mədəni-ideoloji aktivliyin artması, qlobal məkana açılımlar, bu məqsədlə həyata keçirilən iqtisadi-siyasi reformlarla tarixi yaddaşa həkk oluna bilər. Bu baxımdan məhz siyasi proseslərin əsas aləti olan seçki sisteminin reforma ehtiyacı var. Artıq 90-cı illərdə üzləşdiyimiz ümummilli problem – Qarabağ problemi öz həllini tapdığı üçün, həmçinin dünyada gedən tendensiyalar da nəzərə alınaraq qarışıq (majoritar+proporsional) seçki sisteminə geri dönüş, hətta iki palatalı parlamentin təcrübədən keçirilməsinə imkan tanına bilər. Bu gün Avropanın 43 ölkəsindən 40-ında vətəndaşlar proporsional seçki sistemindən istifadə edərək öz millət vəkillərini seçir. Bu gün Belarus istisna olmaqla, yalnız Fransadır ki, majoritar seçki sistemində qalmaqda davam edir. Nəzərə alsaq ki, biz, müstəqilliyin yeni əldə edildiyi dövrdə, yəni 20-ci əsrin sonunda hüquq və idarəetmə sisteminin təşkilini Fransa modeli üzərində qurmuşduq və bunun üzərində böyük tarixi-siyasi hadisələr keçib, siyasi axınlar bizi Fransa ilə qlobal rəqabət mühitinin içərisinə daxil edib, biz Fransanın idarəetmə sisteminə, xüsusilə kolonial siyasətinə etiraz edən və bu istiqamətdə qlobal hərəkat yaradan qüvvəyə çevrilmişik. Odur ki, siyasi sistemimizin “Fransızsayağı” ənənələrindən imtina edərək reformlara, qarışıq (majoritar+proporsional) seçki sisteminə yenidən, yaxud Türkmənistanın 2 il, Türkiyənin 20 il ərzində sınaqdan keçirdiyi modelə ilk dəfə şans tanıya bilərik. Azərbaycanda siyasətçilər iki palatalı parlamenti, yəni aşağı palatanın yaradılmasını “kütlə parlamenti” olaraq dəyərləndirib, kütlə demokratiyasının ən bariz nümunəsi olaraq Elçibəy dövrünün xaotik nizamsızlıq şəraitini misal gətirə və Azərbaycanın idarəetmə sisteminin buna tab gətirmədiyini vurğulaya bilərlər. Lakin keçmişin yanlışlarından aldığımız dərslərlə bu qorxuları aşmaq, siyasi həyatın daha da canlanmasına nail olmaq Yeni Dövr siyasi quruculuğu üçün olduqca vacibdir. Bütün dövrlərin əsas məsələlərindən biri - xalqın dövlət idarəetmə sistemində iştirakçılığını artırmaq və sistemin işləyişinə inancını bərpa etmək baxımından da bu reformlar mühüm əhəmiyyət daşıyacaqdır. Ən sonda 1 sentyabr seçkilərinin bütün layiqli namizədlərinə uğurlar arzu edirəm. Çünki, gələcək qanunvericilik sistemimizin yenidən təsisində onların böyük rolu olacaqdır. Odur ki, Zəfər Parlamentinə reformatorların, xalq və dövlət aparatı arasında bağlayıcı və birləşdirici qüvvə ola biləcək, o cümlədən bizi 2020-ci ildəki Zəfərə və gələcək zəfərlərə aparan siyasi kursa bağlı şəxslərin seçilməsi Yeni Dövr siyasi quruculuğunun əsasını təşkil edəcəkdir.
Şəhla CƏLİLZADƏ