MSK-nın saytında bu deputatlarla bağlı kobud səhvlər - FOTO

 16:51 28.08.2024     861

Mərkəzi Seçki Komissiyasının (MSK) saytında sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində qeydə alınan deputatlığa namizədlərlə bağlı yanlış məlumatlar yer alıb.

Redaktor.az xəbər verir ki, bu yanlışlıqlar altıncı çağırış Milli Məclisin deputatları olan Aydın Mirzəzadə və Tamam Cəfərova ilə bağlıdır. 

Belə ki, 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Aydın Mirzəzadənin parlamentdə tutduğu vəzifə yanlış olaraq Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini kimi göstərilib. Əslində isə Aydın Mirzəzadə sözügedən komitənin üzvüdür. O, beşinci çağırış Milli Məclis zamanı həmin komitəsinin sədr müavini olub. Altıncı çağırış Milli Məclis dövründə isə bu komitənin sədr müavini Hikmət Məmmədov olub.

88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərovanın isə iş yeri səhv yazılıb. Belə ki, Tamam Cəfərova Azərbaycan Dövlət Universitetinin dosenti kimi göstərilib. Qeyd edək ki, əvvəla ölkəmizdə "Azərbaycan Dövlət Universiteti" adında hansısa ali məktəb fəaliyyət göstərmir. İkincisi, Tamam Cəfərova hazırda Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, eyni zamanda universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektordur.

Göründüyü kimi, MSK kimi ciddi bir qurumun saytında deputatlığa namizədlər haqqında kobud səhvlərə yol verilib.

Qeyd edək ki, məsələ ilə bağlı MSK-nın mətbuat katibi Şahin Əsədli ilə əlaqə saxlamağa cəhd etsək də, o, gün ərzində telefon zənglərimizə cavab vermədi.

Turan İSMAYIL

2222