Putin Ermənistanı Zəngəzur dəhlizinin açılmasına razı sala biləcəkmi? - AÇIQLAMA

 17:10 28.08.2024     673

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edib. Liderlər Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi, həmçinin Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Putin Azərbaycana son səfərindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyana da zəng edərək eyni mövzuda müzakirələr aparıb.

Bəs bu danışıqlar Zəngəzur dəhlizinin açılmasına təsir edə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili, siyasi ekspert Elşad Mirbəşiroğlu bildirdi ki, Paşinyan Rusiyanın iştirakı ilə bu layihənin reallaşmasına razı deyil.

"Zəngəzur dəhlizinin açılması Rusiya üçün maraqlıdır. Putin Azərbaycanda regionda kommunikasiyanın açılmasının tərəfdarı olduğunu hər zaman bildirib. Sadəcə olaraq Ermənistan həmişə olduğu kimi öz imzasına biganə, etinasız yanaşır. 2020-ci ilin noyabrında imzalanmış birgə bəyanatın doqquzuncu maddəsində Zəngəzur dəhlizinin açılması və onun şərtləri aydın ifadəsini tapıb. Paşinyan da o sənədə imza atıb. Lakin sonrakı mərhələdə bildiyimiz kimi, Qərbdən gələn təlimatlar əsasında Paşinyan Rusiyanın iştirakı ilə bu layihənin reallaşmasına razı olmayaraq, öz mövqelərini nümayiş etdirməyə başladı. Paşinyan bir neçə dəfə vurğulayıb ki, hər bir ölkə kommunikasiya xətləri üzərində yurisdiksiyaya sahib olmalıdır. Yəni bu, dolayısıyla o deməkdir ki, birgə bəyanatda ifadə olunduğu kimi, bu nəqliyyat dəhlizi açılacağı təqdirdə Ermənistan Rusiyanın nəzarətini istəmir". 

Deputatın sözlərinə görə, kommunikasiya xəttinin açılması məsələsi hələ aktual deyil.

"Bu dəhlizin açılması Qərbin təlimatları əsasında hələlik sonrakı mərhələyə saxlanılıb. Azərbaycan da regionda sülhün və təhlükəsizliyin təmin olunması naminə müəyyən kompromislərə gedir. Biz həmişə görmüşük ki, Ermənistan sülh sazişini imzalamaqdan yayınmaq üçün müxtəlif bəhanələr gətirir. Azərbaycan dəhlizin açılması məsələsində bir kompromis variantına üstünlük verir. Ermənistanın bu dəfə bəhanəsinin nədən ibarət olacağını gözləmək maraqlıdır. Çünki praktiki olaraq Ermənistanın artıq heç bir manevr imkanı yoxdur və Azərbaycan bununla regionda Ermənistana şans verdi ki, sülh ritorikasında səmimi olduğunu sübut edə bilsin. Amma düşünürəm ki, Ermənistan sülh ritorikasında səmimiyyətdən çox uzaqdır. Bu o demək deyil ki, Azərbaycan kommunikasiyalarının açılmasında Ermənistana hansısa güzəştə gedir. Yox, sadəcə olaraq, biz Ermənistanın həm də bir sülh məsələsində səmimiyyətini test etmiş olacağıq".

Elşad Mirbəşiroğlu qeyd etdi ki, Rusiya tərəfi prosesləri çox diqqətlə izləyir.

"Rusiya Zəngəzur dəhlizinin açılmamasının səbəbkarının Ermənistan olduğunu çox yaxşı bilir. Lavrov da bunu Bakıda səfərdə olan zaman açıq mətnlə səsləndirdi. Amma Paşinyanın qarşısına qoyulan əsas vəzifə ondan ibarətdir ki, Ermənistan Rusiya ilə münasibətlər orbitindən uzaqlaşdırılsın. Ona görə də Rusiyanın nəzarəti ilə və yaxud da ki, bundan sonra da Rusiyanın iştirakı ilə hər hansı bir layihənin həyata keçirilməsinə qarşı çıxacaq. Çünki o müstəqil addım atmaq imkanlarına sahib deyil. Paşinyan rejimi Qərb tərəfindən formalaşdırılıb. Amma Rusiya ilə Azərbaycan arasında kifayət qədər konstruktiv, səmimi münasibətlər mövcuddur. Tərəflərin həm regional təhlükəsizlik məsələlərinə, həm kommunikasiyaların açılması məsələlərinə oxşar baxışları mövcuddur. Tərəflər arasında münasibətlər dinamik inkişaf edir. İqtisadi əlaqələr daha çox istiqamətləri əhatə etməkdədir və bu da elə Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Cənubi Qafqaz regionunda və daha çox coğrafiyada təhlükəsizliyin təmin edilməsi üçün çox təsirli bir amildir", - deyə politoloq bildirdi.

Xatırladaq ki, Vladimir Putin avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olub.

Türkan İSGƏNDƏRLİ