“Yeni parlamentdən gözləntilərimiz çoxdur” - Aqil Aslan

 18:37 28.08.2024     418

"Qarşıdan gələn növbədənkənar parlament seçkilərinin ən önəmli tərəfi odur ki, bu seçkilər ilk dəfə Azərbaycanın bütün ərazisində keçiriləcək. İşğaldan azad olunmuş hər bir rayonumuzda seçki məntəqələri təşkil olunub və seçki hüququ olan vətəndaşlarımız sentyabrın 1-də bu məntəqələrdə səs verəcəklər. Həmçinin deputatlığa namizədlər işğaldan azad edilmiş və əhalisinin müəyyən hissəsi qayıtmış şəhər və rayonlarda, kəndlərdə seçicilərlə görüşür, təbliğat aparırlar. Bütün bunlar böyük Zəfərimizin nəticələridir".

Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Redaktor.az saytının baş redaktoru Aqil Aslan deyib.

O bildirib ki, bu seçkilərin nəticəsində formalaşacaq parlamentdən də gözləntilər çoxdur.

"Müşahidələrimə əsasən deyə bilərəm ki, hazırda seçkilərə qatılan deputatlığa namizədlər arasında yeni reformlara dəstək verə biləcək, seçicisini parlamentdə layiqincə təmsil edəcək, parlamenti isə beynəlxalq təşkilatlarda layiqincə təmsil edə biləcək şəxslər var. Əlbəttə ki, belə namizədlərin Milli Məclisə seçilməsi xalqımız və dövlətimiz üçün çox xeyirli olardı. İnanıram ki, sonuncu prezident seçkilərində olduğu kimi parlament seçkilərində də seçicilər fəallıq göstərərək seçki məntəqələrinə gedəcəklər və yeni bir Zəfər parlamentinin formalaşdırılmasında iştirak edəcəklər", - deyə A.Aslan əlavə edib.