"Ermənistan 3 tələbdən əl çəksə, Zəngəzur dəhlizi açıla bilər" - AÇIQLAMA
"Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bunu rəsmi şəxslər dəfələrlə bəyan ediblər və Zaxarova da bu mövqeyi kəskin şəkildə təkrar eləyib. Müəyyən mənada Ermənistanı da hədələməkdən çəkinməyib. Ancaq bu mövqe Zəngəzur dəhlizinin açılmasına təkan verə bilərmi? Müəyyən qədər verə bilər, ancaq ciddi təsir göstərə bilməz".
Bu sözləri Redaktor.az-a politoloq Abutalıb Səmədov Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın nəqliyyat dəhlizi barəsində fikirlərini şərh edərkən dedi. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasına ciddi təkan verə biləcək qüvvə ABŞ və onun müttəfiqləridir:
"Dəhlizin açılmasınaa ciddi təkan verə biləcək qüvvə Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinin Ermənistana qarşı ciddi təzyiq göstərməsi ilə mümkündür. 10 noyabr sazişi, sonradan Moskvada imzalanmış 11 yanvar 2021-ci il bəyanatında nəzərdə tutulduğu kimi dəhliz açılmalıdır. Ermənistan özünün "sülh kəsişməsi" deyilən layihəsindən imtina etməlidir. Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn dəmir yolu və avtomobil yolu İran sərhədi yaxınlığında 43 kilometrlik hissədən keçməlidir. Dəhlizə nəzarət 10 noyabr bəyanatında göstərildiyi kimi, Rusiya sərhədçiləri tərəfindən həyata keçirilməlidir. Çünki hələ erməni düşmənçiliyi qalır və ermənilərin həmin hissəyə nəzarət etməsi terror təhlükəsi yarada bilər".
Siyasi şərhçi hesab edir ki, Rusiyanın dəhlizdə nəzarəti təhlükəziliyi təmin edə bilər:
"Bu yaxınlarda Cənubi Azərbaycandan olan bir soydaşımıza qarşı vəhşilik törədərək, az qala öldürmüşdülər. Bütün bunlar təbii ki, nəzərə alınmalıdır. Ən azı bir müddət dəhlizə Rusiya sərhədçilərinin nəzarəti daha düzgün olar. Ciddi bir məsələ odur ki, 10 noyabr bəyanatında dəhlizdə hərəkətin maneəsiz olması nəzərdə tutulub. Azərbaycan təklif edir ki, Naxçıvandan Azərbaycanın əsas hissəsinə hərəkət edən insanlar və yüklər yoxlanılmasın, "Kalininqrad modeli" tətbiq olunsun və bu, ədalətli tələbdir. Qərb də bu tələbi dəstəkləməlidir və əgər belə olsa, Zəngəzur dəhlizinin açılmasında elə bir problem qalmaz".
A.Səmədov qeyd etdi ki, ermənilər 3 tələbdən əl çəksələr dəhlizin açılma prosesi tezləşər.
"Əsas problem dəhlizə kimin nəzarət etməsi məsələsidir. Bu bəyanatda nəzərdə tutulub və ermənilər bundan imtina edirlər. İkincisi, bəyanatda həmçinin maneəsiz hərəkət də nəzərdə tutulub. Ermənilər bundan da imtina etmək istəyirlər və yoxlamalar həyata keçirməyə çalışırlar. Üçüncü dəmir yolunun sərhəd yaxınlığından, avtomobil yolunun isə dağlıq ərazidən keçməsini tələb etmələridir ki, bu da qanunsuz tələbdir. Bu üç tələb əgər aradan götürülsə, mən hesab edirəm ki, Zəngəzur dəhlizinin açılmasında elə bir problem olmayacaq. Bunun üçün də Qərb bu prosesə təkan verməlidir. Rusiyanın təkan verməsi ciddi şəkildə heç nəyi dəyişməyəcək", - deyə o əlavə etdi.
Türkan İSGƏNDƏRLİ