"Rusiya Ermənistanda aktiv hərbi əməliyyatlar keçirmək haqqında fikirləşir" - AÇIQLAMA

 18:06 29.08.2024     495

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağı könüllü olaraq tərk etmiş erməniləri “son vaxtlara qədər orada yaşayanlar” adlandırıb. Bu cavab Azərbaycandan zorla çıxarıldığını iddia edən ermənilərə yaxşı cavab oldu.

Elə bu mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, ermənilərin bu iddiası heç vaxt öz əksini tapa bilməyib.

"Onlar nə qədər cəhd etdilər ki, belə ad versinlər ki, ermənilər oradan zorla köçürülüblər, ancaq bunu sübut edə bilmədilər. Həmin dövrdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Birləşmiş Millətlər Təşkilatının Komissiyası da bunu təsdiqləməyərək bildirdilər ki, buradan ermənilər köçüb gediblər.

Bu haqda bizim özümüzün əlimizdə çoxlu faktlar, video materiallar var. Hansı ki, onlar Laçın nəzarət buraxılışı mərhələsindən keçəndə bizim jurnalistlər onlardan soruşur: "Niyə gedirsiniz? Azərbaycan höküməti sizə burada qalın deyir", onlar hamısı cavab verirdi ki, "yox, biz getmək istəyirik". Onlara həmçinin lazımlı qidalar təklif olunurdu. Yəni onları oradan zorla çıxartmaq faktı yoxdur. Hətta bir günlük antiterror əməliyyatı keçiriləndə belə bir nəfərin mülkünə ziyan dəymədi, bir nəfərin burnu qanamadı. Orada ancaq hərbi silahlı quldur dəstələri məhv edildi".

Siyasi şərhçi ermənilərin Azərbaycandan getmə səbəblərinə də toxundu:

"Onların getmələrinin səbəbi odur ki, orada kişilərin əksəriyyətinin əli azərbaycanlıların qanına batıb, Xocalıda və digər yerlərdə qətliamlar törədiblər. Həmin insanlar bilir ki, törətdikləri cinayətə görə cavab verməli olacaq, cəzalarını almalıdırlar. Onlar 1988-92-ci illərdə azərbaycanlıları, soydaşlarımızı, qardaş-bacılarımızı ayağıyalın, başıaçıq öz yurdlarından çıxarıblar. Ona görə Zaxarova bu cür cavab verir ki, bəli, onlar orada müvəqqəti yaşayıblar. Maraqlı məqamlardan biri də odur ki, onlar bundan nə qədər istifadə etmək istəsələr də, beynəlxalq təşkilatlarda, BMT-də Qırmızı Xaç Komitəsində onları dəstəkləyən heç kəs yoxdur. Eyni zamanda Zaxarova həmin brifinqdə 2020-ci ilin noyabrında imzalanmış bəyanatın yerinə yetirilməsinin vacib olduğunu bildirib. Əgər bundan sapmalar olarsa, bunun Ermənistan üçün təhlükəli ola biləcəyini bildirərək, Ermənistanın təhlükə qarşısında olduğunu deyib. Mən hesab edirəm ki, yaxın zamanlarda Rusiya Ermənistanda aktiv hərbi əməliyyatlar keçirmək haqqında fikirləşir". 

Türkan İSGƏNDƏRLİ