"Türkiyəmizin Zəfər Günü həm də bizim Zəfər günümüzdür!" - Fazil Mustafa

 13:01 30.08.2024     409

"Türkiyəmizin Zəfər Günü həm də Bizim Zəfər günümüzdür! Çünki tarix boyu bir türkün zəfəri başqa bir türkün zəfərini doğurub".

Redaktor.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa bildirib.

O qeyd edib ki, bir türkün geriçiliyi başqa türkün geriçiliyini doğurub.

"Bu gün ona görə böyük dəyərə sahibdir ki, türk millətinin çağdaşlığa qapısına açıb. Əlbəttə, Atatürkün inanılmaz fədakarliğı, zəkası sayəsində. Çağdaşlıqdan uzaq qalan türkün üstünü mamır basmış bir sinə daşından fərqi olmaz. Hətta baş daşı da deyil. Çünki baş daşı da dik duruşu ilə öz varlığını göstərir. Bu gün Şərq arealında, İranda, Türkiyədə, elə bizim məmləkətdə, hətta Avropada, Amerikada yaşayaraq çağdaşlığa qarşı dinçilik qafası ilə dirəniş göstərənlər həm də bu zəfəri məğlubiyyətə çevirmək istəyənlərdir. Bizim qanımızın, soyumuzun, dinimizin bir olmasından daha vacib çağdaşlıq kodumuzun bir olmasıdır, müasir mədəniyyətə, texnoloji tərəqqiyə baxışımızın uzlaşmasıdır. Dönüb bir tarixi keçmişimizə baxın: Məhəmmədhəsən əminin eşşəyi onu başını daşa sürtmək üçün uzaq yerlərə ziyarətə də apara bilərdi, beynini biliklə doldurmaq üçün yaxınlıqdakı məktəbə də. Bu gün minik vasitələrinin fərqli olması bizim fərqli olmamız anlamına gəlməz. Tarixdə hadisələr, vasitələr dəyişər, ancaq insanların doğrunu və ya yanlışı seçməsi eyni ssenari üzrə davam edər. Dini inancını da yaşa, millətini də sev, ancaq çağdaşlığa, tərəqqiyə açıq insan olmadıqca, özünə də, millətinə də, insanlığa da fayda verə bilməyəcəksən!

Zəfər günümüz qutlu olsun! Uca Yaradan bir də Türkiyəmizi, Azərbaycanımızı Şərqin cəhalət qaranlığına geri dönüşə məhkum etməsin!", - deyə Fazil Mustafa əlavə edib.

Turan İSMAYIL