"Yeni qurum azad rəqabətin və istehlakçıların hüquqlarının qorunmasını təmin edəcək"

 16:55 30.08.2024     337

Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılır.

Bu qurum nə üçündür və hansı faydaları olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirdi ki, Dövlət Agentliyi azad rəqabətin və istehlakçıların hüquqlarının etibarlı qorunmasını təmin edəcək.

"Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması ölkədə həyata keçirilən müasir iqtisadi islahatların və yeni çağırışlar əsasında daha da güclənən biznes-dövlət münasibətlərinin yaxın partnyorluq çərçivəsində inkişafının mühüm nəticəsi hesab edilə bilər. Yeni Agentliyin yaradılmasını biznes mühitinin əlverişliliyinin artırılması və azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edən antiinhisar fəaliyyətinin təkmilləşdirilməsi, bazar iştirakçılarının hüquq və mənafelərinin daha müasir formatda qorunması, eləcə də rəqabət sektorunda meydana çıxan yeniliklərin icrası çevik və operativ dövlət orqanının yaradılmasını labüd edirdi. Yeni reallığa söykənərək belə bir çevik dövlət orqanının formalaşdırılması sayəsində ölkəmizdə antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətinin və tənzimləməsinin daha operativ tammiqyaslı həyata keçirilməsi mümkün olacaq".

Millət vəkili qeyd etdi ki, Agentliyin təsis olunmasını şərtləndirən əsas amillərdən biri də ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və azad sahibkarlığın təşviqi baxımından yeni islahatların həyata keçirilməsidir:

"Bu mühüm islahatların tərkib hissəsi kimi 2024-cü il iyulun 1-dən qüvvəyə minən Rəqabət Məcəlləsindən irəli gələn yeni vəzifələri qeyd etmək mümkündür. Belə ki, məcəllədə bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti, eləcə də bu sahədə rəqabət orqanının səlahiyyətləri ilə bağlı müddəalar da öz əksini tapıb ki, bu da müasir çağırışlara uyğun fəaliyyətin təmin edilməsini nəzərdə tutur".  

Deputat vurğuladı ki, Dövlət Agentliyi, səlahiyyətləri çərçivəsində istehlakçı hüquqlarının müdafiəsi istiqamətində də təsirli addımlar atacaq.

"İstehlakçı müraciətlərini daha təfərrüatlı araşdıraraq zəruri tədbirlər görəcək, o cümlədən istehlakçıların lazımi keyfiyyətli mal, xidmət əldə etmək hüququnu qoruyacaq, qüsurlu və ya saxtalaşdırma halı aşkar edilən malların dəyişdirilməsi, qaytarılması ilə bağlı tələb irəli sürmək imkanlarının müdafiəçisinə çevriləcək. Eyni zamanda,  istehlak bazarında nəzarət tədbirləri çərçivəsində rəqabəti pozan subyektlərə və təbii inhisarlara qarşı ən sərt tədbirlər görmək səlahiyyətlərinə də malik olacaq. Təbii inhisar subyekti olan bir sıra müəssisələrin sahibkarlarla münasibətlərinin düzgün qurulması və qanunvericilik səviyyəsində həyata keçirilməsi xüsusi diqqətdə saxlanılacaq, eləcə də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı düzgün olmayan, yaxud qanunvericiliklə uyğunlaşmayan hansısa tələblər qoyulduğu təqdirdə, həmin tələblərin aradan qaldırılması, yaxud daxili normativ sənədlərin mövcud qanunvericilik aktlarının müddəalarına uyğunlaşdırılması məsələsi qaldırılacaq", - deyə Aydın Hüseynov bildirdi.

Türkan İSGƏNDƏRLİ