Rusiya Ermənistanda hərbi əməliyyatlar keçirə bilər? - AÇIQLAMA
Qərbin Qafqazda möhkəmlənmək istəyi, eləcə də Ermənistanla müttəfiq olması Rusiyanı qıcıqlandırır.
Ermənistanın Qərbə meyilliyi Rusiyanın ona qarşı aktiv hərbi əməliyyatlar keçirməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, Rusiyanın Ermənistanda hərbi əməliyyatlar keçirmək üçün ciddi zəmin olmalıdır.
"Əks təqdirdə, Ermənistan bir müstəqil dövlət olduğu üçün Rusiya qlobal səviyyədə bütün güclərin ittihamına rast gələr. Yəni heç bir əsas olmadan bir müstəqil dövlətə, xüsusilə də sərhədləri olmayan başqa bir dövlətə qarşı hərbi əməliyyatlar keçirmək o qədər də asan məsələ deyil. Məsələn, Ukraynada başladılan müharibə "xüsusi əməliyyat" adlandırıldı. Ancaq bunun fonunda Rusiyanın müəyyən əsasları var idi ki, NATO Rusiyanı çevrələyir və bu da Rusiya üçün çox böyük təhlükə yaradır. Bunu bəhanə edərək qonşuluğunda əsaslı əməliyyata başladı. Ayrıca sərhəd olmadığı üçün Rusiyanın Ermənistanda birbaşa hərbi müdaxiləsi də mümkün deyil. Doğrudur, Rusiyanın Ermənistanda hərbi bazası və Ermənistanın İran və Türkiyə ilə sərhəddə sərhəd qoşunları var. Ancaq bu yetərlidirmi? Çünki əmin olun ki, bu günə qədər Qərb dünyası, o cümlədən Amerika Birləşmiş Ştatları da müəyyən mənada hökuməti qorumaq üçün bir çox təhlükəsizlik mexanizmləri qurub. Bunun hansı şəkildə ortaya çıxacağını bəri başdan demək olmaz. Ancaq Rusiya bunu bilməmiş deyil. Ona görə birbaşa Rusiyanın Ermənistana qarşı hərbi əməliyyat keçirməsini mən hələlik real saymıram".
Siyasi şərhçinin sözlərinə görə, Zəngəzur dəhlizi məsələsi səhnə arxasında mübarizə predmetidir.
"ABŞ Ukrayna Rusiya cəbhəsində olan məsələni Cənubi Qafqaz bölgəsinə proyeksiya edir və çox keçməz ki, bu Orta Asiyaya da sıçraya bilər. Yəni Qərbdə Rusiyanın geosiyasi maraqları olan bütün bölgələrdən sıxışdırıb çıxarmaq siyasəti aparılır. Bu mübarizə Zəngəzur dəhlizi ilə bağlı mübarizədə realdır. Son günlərdə bunun aktivləşməsi, Rusiya Prezidentinin Azərbaycana səfəri, telefon danışıqları, eyni zamanda Ermənistan rəhbərliyi ilə telefon danışığı, kommunikasiyaların açılması ilə bağlı baş nazirlərin müavinləri səviyyəsində işçi qrupunun görüşməsi bu məsələləri yenidən müzakirə predmetinə çevrilməsinə səbəb oldu. Rusiya Zəngəzur dəhlizini ABŞ-nin ixtiyarına, nəzarətinə buraxmaq fikrində deyil. Bu fonda ABŞ Ermənistana təzyiq edə bilərmi? Bəli, biz bunu müşahidə edirik, ancaq konkret nə, hansı nəticələr ortada olacaq, bunu bəri başdan demək çətindir. Çünki ən azından Zəngəzur dəhlizi məsələsi Rusiya, Ermənistan, Azərbaycan timsalında dayanmışdı. Proses ancaq yenidən işlək mexanizmə çevrilməyə başlayıb ki, düşünürəm ki, bu da Ermənistan rəhbərliyinin Rusiyanı həddən artıq qıcıqlandırmaq istəməməsi ilə bağlıdır. Ona görə yaxın perspektiv bunları müəyyən edəcək. Ancaq hər bir bu prosesin içərisində ABŞ var və Ermənistan istənilən qərarı qəbul edəndə ABŞ ilə məsləhətləşmək məcburiyyətində qalacaq", - deyə Natiq Miri əlavə etdi.
Türkan İSGƏNDƏRLİ