Paşinyan Azərbaycana gələcək? - AÇIQLAMA
Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında COP29 beynəlxalq iqlim forumunda iştirakı ilə bağlı hələlik qərar vermədiyini açıqlayıb. Yəqin ki, Paşinyan dünyanın bir çox ölkə rəsmilərinin qatılacağı mühüm tədbiri əldən vermək istəməz. Bəs bunu qəti şəkildə inkar etməyən baş nazir iqlim sammitinə gələcəkmi?
Mövzu ilə Redaktor.az-a açıqlama verən siyasi şərhçi Samir Hümbətov bildirdi ki, Paşinyanın bunu dilə gətirməsi o deməkdir ki, Ermənistanın COP29-a qatılmaq fikri var.
"Paşinyan sammitə gələ bilər. Ortada normallaşma meylləri varsa, gəlməlildir. Ancaq dəqiq olaraq onun gəlib-gəlməyəcəyini demək bir az qeyri-ciddilik olar. Amma hər halda əgər belə bir açıqlama veribsə ki, bununla bağlı düşünəcəm, bu hardasa bu işə təxmini 50-60% meylli olduğunu, yəni gəlmək istədiyinin göstəricisidir. Ona görə düşünürəm ki, Paşinyanın gəlmə ehtimalı çoxdur. Sadəcə həmin anda yaranacaq vəziyyətdən də çox şey asılıdır".
Politoloqun sözlərinə görə, Paşinyanın COP29-a gəlməməsi sülh danışıqlarına qarşı olan fikirlərini əks etdirən güzgü olacaq.
"Sülh danışıqlarının getdiyi bu vaxtda Paşinyanın forumda iştirak etməməsi artıq nəyəsə işarədir. Əgər gəlməzsə, o vaxt bu, artıq sülh danışıqları prosesinə təsir göstərə bilər və proseslər pozula bilər. Paşinyan sülh istəyirsə, o qədər dərinə getməməlidir", - deyə S.Hümbətov əlavə etdi.
Qeyd edək ki, COP29-un prezidenti Muxtar Babayev Ermənistanın xarici işlər nazirinə rəsmi dəvət məktubu da göndərib.
Türkan İSGƏNDƏRLİ