Ermənistan Konstitusiyası dəyişdiriləcək? - "Hökümət qonşularla ərazi məslələrini həll etmək istəyir"

 17:38 02.09.2024     321

Prezident İlham Əliyev deyib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır. Dövlət başçısı vurğulayıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və konstitusiya dəyişdirilməlidir.

Bəs Ermənistanın yeni konstituasiyada hansı məsələlər öz əksini tapmalıdır? 

Bu barədə politoloq Qədir Aslan Redaktor.az-a açıqlamasında bildirdi ki, Ermənistan Konstitusiyası regionda imzalanan heç bir ticari konkraktdan üstün deyil:

"Müqayisə üçün subyektiv olaraq deyə bilərəm ki, Azərbaycanın istər Avropa Birliyi ilə, istər şərqdəki partnyorlarla imzaladığı 20-30 ilə hesablanmış müqavilələr var, bunların hamısı Ermənistanın konstitusiyasından on dəfə ağır gəlir. Yəni onların öz konstitusiyalarında nə yazmalarından asılı olmayaraq, biz öz beynimizdə tutduğumuz dövlətçilik gərəyi olan bütün layihələri həyata keçirəcəyik. Misal üçün, 2022-ci ilin iyul ayında Bakıda Ursula von der Leyenin imzaladığı Avropa Birliyi ilə enerji təhlükəsizliyinə dair anlaşma memorandumu özü-özlüyündə böyük sənəddir".

Ekspertin sözlərinə görə, Ermənistanın özünün sənədlərini liberallaşdırması və beynəlxalq hüquqa uyğunlaşdırmaq məsələsi çox çəkməyəcək:

"Bu, artıq Ermənistanın daxilində mövcud hökümətin gündəlikdə duran və prioritet əhəmiyyət kəsb edən məsələdir. Paşinyan və onun silahdaşları demokratik düşərgədə Qərb dövlətləri sırasında özünü qeyri-aqressiv və qeyri-işğalçı libasını göstərmək üçün sənədlərə də mütləq əl gəzdirmək məcburiyyətindədirlər. İnsan hüquqları, demokratika və azadlıqlar məxməri inqilabların liderləri üçün çox önəmliidr. Burada da konkret olaraq onun dövlətinin qonşu dövlətlərə iddiası var. O sənədləri də liberallaşdırmalıdır və beynəlxalq hüquqa uyğunlaşdırmalıdır. Buna doğru zamanla gedəcəklər. İlk növbədə bu, özlərinin mənafeyinə uyğundur. Sadəcə burada digər məqam ondan ibarətdir ki, regionda məsələlər bir-birinə qarışmasın, ayrı-ayrılıqda həllini tapsın. Həmçinin prioritetləşmə məqamı ki var, o da kifayət qədər önəmlidir. Onlar bir-birinə qarışmasın deyə Azərbaycan və Ermənistan arasında bu məsələnin prioritetləşdirmə və əhəmiyyətinə görə sadalama məsələsində ziddiyət var. Düşünürəm ki, bu da öz həllini tapacaq. O da bəlli oldu ki, sual formasında qoyulan və sülh protokolunun 90 faizini ehtiva edən məsələlər razılaşdırılıb".

Politoloq vurğuladı ki, biz qonşu olaraq yeni bir mərhələyə çıxmalıyıq. 

"Düşünürəm ki, Ermənistan höküməti belə bir hədəf izləyir ki, qonşularla dərhal ərazi məslələrini həll etsin, həm Gürcüstanla, həm Azərbaycanla, həm Türkiyə ilə. Türkiyəyə zatən iddiası var və onu da konstitusiyadan çıxartmalıdır. Yerdə qalanlar isə Ermənistanı Qərb institutlarına və Qərb düşərgəsinə inteqrasiya etməkdir. Burada bizi narahat edən məsələ odur ki, Azərbaycanın saqqalının altından çəkib Ermənistana aparırlar. Biz burada Ermənistana olan münasibətlər kompleksinə yenidən yanaşmalıyıq və modifikasiyaya dəyişikliklər etməliyik. 

Azərbaycan və Ermənsitanın yeni dövrü münasibətlərini işləyib hazırlamaq lazımdır. Ola bilsin artıq dövlət bunu işləyib, ancaq xırda detallara da əl gəzdirmək lazımdır. "Asaram", "kəsərəm" ifadələrindən daha az istifadə edərək ümumi dil tapmalıyıq. 2020-ci ilin Ermənistanı artııq qarşımızda yoxdur. Reallıq budur ki, onların özgüvəni artıb, aldıqları zərbədən xeyli dirçəliblər və gələcəyə ümidlə baxırlar", - deyə Qədir Aslan bildirdi.

Sevinc İBRAHİMZADƏ