İlham Əliyevlə Paşinyan arasında görüş baş tuta bilər - AÇIQLAMA

 14:27 03.09.2024     409

Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxış edərkən, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bəzi mövzuları dilə gətirib. Bu dəfə o, özünü sülhpərəst kimi göstərərək, Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə görüşməyə hazır olduğunu bəyan edib.

Bundan öncə Londonda İlham Əliyevlə görüşdən imtina edən Paşinyan indi hansı maraqları güdür? Belə bir görüş baş tutarsa, hansı məsələlər müzakirə oluna bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi ekspert Elşad Mirbəşiroğlu bildirdi ki, Paşinyan sülh istəyirsə, qərəzli siyasət aparmamalıdır.

"Hesab edirəm ki, Prezident İlham Əliyev və Baş nazir Paşinyan arasında görüş baş tuta bilər. Azərbaycan tərəfi sülh gündəliyində hər zaman səmimi olub və ona görə də müzakirələrin aparılması, keçmiş münaqişə vəziyyəti ilə bağlı sülh sazişinin imzalanması Azərbaycanın hər zaman marağındadır. Xatırlatmaq yerinə düşərdi ki, sonuncu dəfə Böyük Britaniyanın Baş nazirinin təşəbbüsü ilə Azərbaycan Prezidentinin də razılığı ilə görüşün keçirilməsi təklif olunub. Lakin Paşinyan bu təklifdən imtina etmişdi və bu da qeyri-müəyyənlik yaradır. Əgər imkanı varsa, bu imkandan yararlanmaq lazım idi. Əgər Paşinyan həqiqətən də sülh istəyirsə, görüşdən imtina etməsinin səbəbini də anlamaq çətindir. Azərbaycanın sülhlə bağlı çox aydın baxışları mövcuddur".

Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin sülh sazişindən bəzi müddəaları çıxarması, Paşinyanın qeyri-səmimi olduğunun göstəricisidir.

"Azərbaycan tərəfi iyun ayının 24-də Ermənistana növbəti variantı təklif edib. Ermənistan tərəfi isə iki ay keçdikdən sonra orada bəzi müddəaları çıxararaq, yenidən sülh variantını Azərbaycana qaytarıb. Azərbaycanın sülh imzalanması üçün irəli sürdüyü şərtlər beynəlxalq hüquq normalarına tam uyğundur və səmimiyyətlə regionda dayanıqlı sülhün əldə olunması istiqamətində addımlar atır. Ermənistan isə hər vasitə ilə sülhün imzalanmasından yayınır. Hesab edirəm ki, görüş baş tutacağı təqdirdə, Azərbaycan sülhün imzalanması üçün vacib hesab etdiyi şərtləri bir daha aktuallaşdıracaqdır. Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir".

Elşad Mirbəşiroğlu qeyd etdi ki, ATƏT-in Minsk qrupu birgə müraciət əsasında buraxılmalıdır.

"Sərhəddə münaqişə vəziyyəti mövcud deyil. Münaqişə vəziyyəti mövcud deyilsə, bunun tənzimlənməyə də ehtiyacı yoxdur. Yəni ATƏT-in Minsk qrupunun fəaliyyəti üçün heç bir əsas yoxdur. Azərbaycanın bir sıra başqa təşəbbüsləri də vardır ki, onlar regionun rifahına, təhlükəsizliyinə xidmət edir. Məsələn, bizim bir yanaşmamız da ondan ibarətdir ki, regionda Avropa İttifaqının mülki missiyasına ehtiyac yoxdur. Biz dəfələrlə müşahidə etmişik ki, Avropa İttifaqının mülki missiyası Azərbaycana və digər region dövlətlərinə qarşı kəşfiyyat fəaliyyəti ilə məşğul olur. Bu da sözsüz ki, Ermənistana sonrakı təxribatlar törətmək imkanı verir. Hesab edirəm ki, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi də daxil olmaqla, qeyd etdiyim məsələlər ətrafında müzakirələr çox vacibdir. Görüşdə bu təmaslar olacaqsa, ölkəmiz haqlı mövqelərindən çıxış edərək sülh sazişinin imzalanması istiqamətində bir hərəkətlənməni şərtləndirə biləcək istəyə və gücə sahibdir", - deyə siyasi ekspert bildirdi.

Türkan İSGƏNDƏRLİ