"Sülh sazişini bu cür imzalamaq mümkün olmayacaq" - AÇIQLAMA

 17:14 03.09.2024     442

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə birgə mətbuat konfransında Ermənistanın sülh sazişindən vacib maddələri çıxardığını bildirib. Bundan öncə Azərbaycanla vəziyyəti normallaşdırmaq istədiyini deyən Ermənistanın Baş naziri Nikol Paşinyan yenə öz əməllərindən geri qalmır.

Ermənistan tərəfi təzadlı hərəkətlərlə nə demək istəyir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Ermənistan sülh sazişində maddələrin azaldılmağını istəyir.

"Son mətbuat konfransında Nikol Paşinyan öz təklifləri ilə bağlı məsələni belə izah etdi ki, müzakirə olunan sülh sazişi 17 maddədən ibarətdir, onların 13-ü razılaşdırılıb. Yerdə qalan dörd maddənin müəyyən hissələri razılaşdırılıb. Ermənistan təklif edir ki, bu razılaşdırılan hissələr qalsın. Razılaşdırılmayan maddələr mətndən çıxarılsın və sülh sazişi imzalansın. Razılaşdırılan maddələrlə sülh sazişi imzalansın. Daha sonra Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər yaransın və bundan sonra digər məsələlər müzakirə olunsun. Yəni Ermənistan sülh sazişinə salınan maddələrin tədricən azalması zərurətini ortaya qoyur və belə bir təkliflə çıxış edir".

Ukraynadan sonra növbə Ermənistana çatacaq: Sülh İrəvana hava-su kimi  lazımdır

Politoloq qeyd etdi ki, aparılan danışıqlar Ermənistan tərəfindən məhvə aparılır.

"Orada razılaşdırılmayan maddələr nədir, hansı məsələlərdə razılığa gəlmək mümkün olmayıb, bu barədə məlumat yoxdur. Çünki danışıqlar məhvə aparılır. Ancaq Azərbaycan Prezidenti də yaxın günlərdə demişdi ki, sülh sazişinin 80 faizi razılaşdırılıb. Bu 80 faizi Ermənistan sülh sazişi kimi imzalamağı təklif edir. Ancaq sazişdən müəyyən məsələlər çıxarıla bilər. Ancaq elə məsələlər var ki, onlar mütləq sülh sazişinin içərisində olmalıdır. Çünki sülhün elə mahiyyəti bundadır. Bundan öncə həmin məsələlərdən biri - kommunikasiyalarla bağlı məsələlər çıxarıldı. Əgər Azərbaycan hakimiyyəti görsə ki, bu maddələrin çıxarılması sülh sazişini imzalamağa imkan verər, təbii ki, bununla razılaşar. Ancaq Azərbaycan XİN-in bəyanatı göstərir ki, bu sahədə müəyyən problemlər var və sülh sazişini bu cür imzalamaq çox güman ki, mümkün olmayacaq. Ancaq hər halda Azərbaycan sazişi imzalamaq üçün yollar axtarır, konstruktivlik göstərir və bu məsələlərdə də Azərbaycan tərəfinin konstruktiv mövqe tutacağı heç kimdə şübhə doğurmur", - deyə A.Səmədov vurğuladı.

Xatırladaq ki, Azərbaycan sülh sazişi üzrə öz növbəti versiyasını 24 iyunda qarşı tərəfə təqdim edib. Ermənistan müqavilədən bəzi maddələri çıxararaq geri göndərib.

Türkan İSGƏNDƏRLİ