İran Zəngəzur dəhlizinin açılmasından niyə qorxur? - ŞOK SƏBƏBLƏR
Zəngəzur dəhlizinin açılması regionda böyük problemə çevrilib. Bu yol üstündə necə deyərlər diplomatik "qırğın" gedir. Elə bununla bağlı, Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov sentyabrın 2-də İran Xarici İşlər Nazirliyinə çağırılıb.
İranı bu qədər narahat edən nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, Zəngəzur dəhlizi İranı maraqlandırmamalıdır.
"İran Xarici İşlər Nazirliyi Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyindən narahat olduğunu bildirib. Təbii ki, bu yanaşma müəyyən mənada Azərbaycanın maraqlarına uyğundur. Ancaq bu, kiminsə maraqları üçün deyilən bir açıqlama deyil. Rusiya 2020-ci il 10 noyabr sənədinə uyğun açıqlama verib ki, hüquqi bir sənəd olaraq bunun altında Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzası durur. İranın burada narahat olması heç nəyi dəyişmir. Çünki İran bu prosesdə iştirak etməyib və bu sənəd üçtərəfli sənəddir. Ayrıca bir də kommunikasiyaların açılması məsələsi İrana aid olan məsələ deyil və qəbul olunacaq qərarlarda da İran bilavasitə iştirak etmir və etməyəcək. Doğrudur, İran zaman-zaman boyunu aşan açıqlamalar, bəyanatlar verir. Ancaq bu yalnız boğazdan yuxarı verilən açıqlamalardan başqa bir şey deyil. Çünki qərar verəcək iki tərəf varsa, bu, Azərbaycan və Ermənistandır".
Siyasi ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistanın kommunikasiya xəttindən Rusiyanı da çıxarmaq hüququ var:
"Azərbaycan və Ermənistan nəinki İranı, Rusiyanı belə oyundankənar vəziyyətdə saxlamaq istəsələr, bu, təbii bir proses olacaq. Rusiya buna qarşı heç nə edə bilməz. Əslində Ermənistan rəhbərliyinin Rusiyaya yönəlik son açıqlaması da bunu fakt olaraq ortaya qoydu. Ermənistan rəhbərliyi bildirdi ki, bu gün bütün sahələr üzrə danışıqları Ermənistan daha çox Azərbaycanla birbaşa ikili müstəvidə danışmağa üstünlük verir. Bu o deməkdir ki, hər hansı bir üçüncü ölkənin prosesə müdaxiləsinə ehtiyac yoxdur. Biz oturub danışa, razılaşa və qərarlar qəbul edə bilirik və bu həlledicidir. Buna görə də İranın nə deməsindən asılı olmayaraq zamanı çatanda bu qərar qəbul olunacaq. Bu nəqliyyat kommunikasiya sistemi açılacaq və İranın buna heç bir təsiri olmayacaq".
Natiq Miri qeyd etdi ki, İranı qorxudan əsas məsələ, İranla həmsərhəd olan ərazilərin Zəngəzur dəhlizinə birləşdirilməsidir.
"Onlar düşünür ki, guya İranla həmsərhəd olan ərazilər əgər Zəngəzur dəhliz statusunda açılarsa, bu, sərhəd bağlana bilər. Ancaq belə bir şey yoxdur. Belə bir plan nə Ermənistanın, nə də Azərbaycanın siyasətində qəbul etdiyi qərarlarda mövcud deyil. Əksinə, İranda bu nəqliyyat kommunikasiyasından yararlana bilər. Sadəcə, İranı narahat edən məqamlar var. O məqam da ondan ibarətdir ki, hətta Rusiyanın bu dəhlizə 10 noyabr sənədinə uyğun olaraq nəzarət etməsi İranı narahat edir. Çünki məhz bu Ermənistan-İran sərhədindən bütün qeyri leqal - istər silah satışı, istər narkotik trafiki həyata keçirilir. İran bundan narahatdır ki, Rusiya bu sərhəddə nəzarət edərsə, bu imkan İranın əlindən alınacaq. Bilirsiniz ki, 2020-ci ilə qədər İranın bu imkanları böyük idi və Qarabağ ərazisində nəzarət olunmayan ərazidə böyük narkotik plantasiyaları salmışdı və bu ərazilər vasitəsilə böyük narkotrafik hərəkəti həyata keçirilirdi ki, qeyri-rəsmi məlumatlara görə buradan illik 50 milyard dollar müqabilində "qazanc" əldə olunurdu. Buna görə Qarabağın azad olunmasından bəri İran Azərbaycanla heç bir vəchlə barışmaq istəmir. Yəni bu reallığı qəbul etmək istəmir. Bunun üstünə bir də Zəngəzurun dəhliz statusunda açılması məsələsi, xüsusilə də bunun Rusiya nəzarətində olması, əlbəttə, İrandakı bəzi təxribatçı qüvvələri narahat etməkdədir".
Politoloq vurğuladı ki, region məsələlərinə təsir edən amillərdən biri də ABŞ-dir.
"Ola bilsin ki, bu qeyri-qanuni keçid və trafiklərlə bağlı Rusiya, İran, Ermənistan anlaşması ola bilər. Ancaq bu məsələ təkcə İran və Rusiyanın iradəsindən asılı olan bir məsələ deyil. Əksinə, tədricən region ölkələri olan İran və Rusiyanın iradəsindən tamamilə kənarda baş verən proseslər səviyyəsində inkişaf edir. Yəni bir də regiona müdaxilə edən Qərb, Amerika Birləşmiş Ştatları amili var və bu amilin bu gün Ermənistan rəhbərliyi üzərində, eləcə də gələcəkdə veriləcək qərarlarda ABŞ-nin təsiri çox böyükdür. ABŞ-nin istəyi də ondan ibarətdir ki, açılacaq Zəngəzur dəhlizi, yəni bu nəqliyyat-kommunikasiya sisteminə Rusiya ümumiyyətlə nəzarət etməsin. Buna görə də açığı, hətta Rusiya İran anlaşması olsa belə, bu, kommunikasiya sisteminin açılmasına o qədər də təsir etməyəcək", - deyə Natiq Miri bildirdi.
Türkan İSGƏNDƏRLİ