"Azərbaycan İtaliya ilə hərbi sahədə əməkdaşlıq etmək istəyir" - AÇIQLAMA

 17:39 05.09.2024     251

"İtaliya Avropa İttifaqında Azərbaycanın ən yaxın, ən səmimi münasibətləri olan ölkələrdən biridir".

Bunu Redaktor.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfərini şərh edərkən dedi.

Onun sözlərinə görə, Azərbaycanın xarici ticarət dövriyyəsində İtaliya xüsusi rol oynayır:

"İtaliya Azərbaycanın ən böyük ticarət partnyorudur. Azərbaycan öz ixrac etdiyi neftin və qazın demək olar ki, böyük əksəriyyətini İtaliya üzərindən satışını həyata keçirir. Azərbaycan neftinin əsas dağılma məntəqəsi İtaliyadır. Digər tərəfdən isə TAP xətti ilə TANAP xəttinə uzanan qaz da yenə İtaliyaya çatdırılır və bu qazın həcmi artıq 10 milyon kubmetrdən 20 milyon kubmetr artırılacaq. Eyni zamanda İtaliya siyasi cəhətdən də Azərbaycanla ən yaxın münasibətdə olan ölkələrdən biridir. Belə ki, Avropa İttifaqında və ya fərqli tədbirlərdə vaxtaşırı Azərbaycanı müdafiə edən açıqlamalar görmüşük. İtaliyanın Azərbaycanla çox yaxın əlaqələri var. Məsələn, mədəni əlaqələri var. Hətta Katolik kilsəsi, Vatikanla bağlı əlaqələrimiz var, Roma Papası Azərbaycana səfər edib".

Turab Rzayev qeyd etdi ki, İlham Əliyevin Romaya səfərində Azərbaycan və İtaliya arasında hərbi sahədə əməkdaşlıq müzakirə ediləcək.

"İtaliya və Azərbaycan arasında siyasi münasibətlər yüksək səviyyədədir. İtaliya yeganə ölkələrdəndir ki, təkcə Ermənistanın iddia etdiyi əsir dəyişmə məsələsini yox, eyni zamanda Azərbaycanın mina xəritələri məsələsini gündəmə gətirmiş, Ermənistandan bunu tələb etmişdi. BMT-də və digər beynəlxalq təşkilatlarda İtalyanın Azərbaycan mövqeyində uyğun çıxışlarının şahidi olmuşuq. Eyni zamanda Azərbaycan İtaliya ilə hərbi əməkdaşlıq etmək istəyir. İtaliyadan ən azı bir milyard yarım dollarlıq silah almaq istəyirik. Ancaq indi ala bilmirik. Çünki Avropa İttifaqı, başqa ölkələr buna qarşıdırlar. Eyni zamanda erməni ordusu buna ciddi təzyiq göstərməyə çalışır. Amma İtaliya Müdafiə Nazirliyi buna çalışır ki, bu silahlar alınsın. Azərbaycanın İtaliyadan ala biləcəyi zirehli döyüş maşınları, haubitsalar və başqa döyüş sistemləri, döyüş silahları var. Düşünürəm ki, hərbi sahədə əməkdaşlıq müzakirə ediləcək və yəqin ki, əsasən Avropanın enerji asılılığı, enerji, təhlükəsizlik məsələsi İtaliya üçün vacibdir. Çünki İtaliya Azərbaycandan qaz alır və istəyir ki, bu artsın, şaxələnsin. Bundan başqa COP29-la bağlı məsələlər də müzakirə olunacaq", - deyə politoloq bildirdi.

Türkan İSGƏNDƏRLİ