"Azərbaycan və Türkiyənin BRICS-ə üzvlük müraciəti iki dövlət üçün də əlamətdər hadisədir" - Məlahət İbrahimqızı
"BRICS-ə üzv olmaq Azərbaycanın dünyanın ən böyük əmək bazarına və təbii resurslarına çıxış əldə etməsidir. Azərbaycanın niyyəti BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində fəal iştirak etməkdir. Azərbaycan Rusiya kimi, Çin kimi, eləcə də BRICS-ə üzv olan Braziliya kimi bir sıra ölkələrlə sıx əməkdaşlıq edərək, beynəlxalq məkanda nüfuzunu daha da artıracaqdır".
Bu sözləri Redaktor.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisinin deputatı Məlahət İbrahimqızı dedi.
"Məlumdur ki, bu ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada Zirvə toplantısı keçirildi. Möhtərəm prezidentimiz İlham Əliyevin də iştirak etdiyi bu Zirvə çərçivəsində qəbul olunmuş"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edibdir. Mətbuatdan da xəbər verildiyi kimi Azərbaycan BRİKS-in növbəti zirvəsində iştirak edəcək və ölkəmizin üzvlük məsələsinə baxılacaq", - deyən deputatın sözlərinə görə, Azərbaycanın ardınca Türkiyənin də BRICS-ə üzv olmaq üçün müraciəti iki dövlət üçün də əlamətdər hadisədir:
"Eyni zamanda bildiyimiz kimi qardaş Türkiyə, rəsmi Ankara da bu iqtisadi, siyasi bloka qoşulmaq niyyətini bəyan edib. Türkiyənin NATO üzvü kimi bu iqtisadi bloka üzv olması arasında heç bir ziddiyyət yoxdur. Çünki bu təşkilat ilk gündən özünün iqtisadi blok olmasını elan edibdir".
M.İbrahimqızı hesab edir ki, Türkiyə və Azərbaycanın belə bir mötəbər təşkilata üzv olması, bir millət, iki dövlətin gələcəkdə də bir-birini bu təşkilatda dəstəkləməsi deməkdir:
"Onsuz da Türkiyə və Azərbaycan strateji müttəfiq olan ölkələrdir. Şuşa Bəyannaməsi imzalanıb. Bir millət, iki dövlətik. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvəsində yaşayır və təbii ki, belə bir mötəbər təşkilatda da hər iki qardaş ölkənin olması bir-birinə ancaq dəstək deməkdir və ümumiyyətlə, Türkiyə-Azərbaycan arasında istər ikitərəfli, istər çoxtərəfli münasibətlərdə, əməkdaşlıqda çox yüksək nailiyyətlər əldə olunub. Hesab edirəm ki, gələcəkdə həm Türkiyə, həm Azərbaycan BRICS-ə üzv olunarsa, bu, iki qardaş ölkənin birgə fəaliyyətinə daha müsbət təsirləri olacaqdır və bu, gözləniləndir. Uğurlar arzulayırıq! Təbii ki, əminik ki, bu təşkilata üzv olmaq ölkəmizin həm beynəlxalq aləmdə, həm də Azərbaycan daxilində çox uğurlu nailiyyətlərə imza atması deməkdir".
Xatırladaq ki, BRICS sammiti oktyabrın 22-24-də Kazanda baş tutacaq.
Türkan İSGƏNDƏRLİ