"Zəngəzur dəhlizinə özəl şirkətin nəzarət etməsi, ən məqbul seçimdir" - AÇIQLAMA

 15:31 10.09.2024     229

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin sədri Alen Simonyan bildiriblər ki, Zəngəzur dəhlizinə Azərbaycan və Ermənistanda lisenziyası olan özəl şirkətlər nəzarət edə bilər.

Bu təklif Azərbaycan və regionda olan digər dövlətlər tərəfindən necə qarşılanacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa bildirdi ki, Azərbaycan və Ermənistanın razılığı ilə belə şirkətlər dəhlizə nəzarət edə bilər.

"Son günlər Ermənistanın Baş naziri Nikol Paşinyan və ondan sonra da xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı maraqlı açıqlamalar veriblər. Yəni artıq sülh sazişi imzalanmağa hazırdır. Zəngəzur dəhlizi ilə bağlı müəyyən irəliləyişlər var. Yəni bəzi məsələlərlə bağlı artıq hansısa müzakirələr aparılıb. İki ölkədə lisenziyası olan özəl bir şirkətə Zəngəzur dəhlizinə nəzarətin verilməsi məsələsi o deməkdir ki, artıq bu istiqamətdə hansısa danışıqlar gedir, hansısa ilkin razılaşmalar var və iki ölkədə lisenziyası olan ifadəsi də maraqlıdır. Əgər söhbət burada Azərbaycandan və Ermənistandan gedirsə, bu dövlətlərin razılığı ilə, belə şirkətlər dəhlizə nəzarət edə bilər. Bu, əlbəttə, ortada olan fikirlər, layihələr içərisində ən məqbuludur".

Politoloqun sözlərinə görə, bu təklifə digər qüvvələrin razı olması sual altındadır.

"Kommunikasiya xəttinə Rusiya, ABŞ nəzarət etmək istəyir. İran ümumiyyətlə dəhlizin açılmasına etirazını bildirir. Yəni bu dövlətlərin hər hansı birinin dəhlizə nəzarəti təbii ki, Azərbaycan, Türkiyə üçün də məqbul deyil. Bəlkə də elə ən optimal variant Azərbaycanın və Ermənistanın razılaşdırdığı hansısa bir şirkətin dəhlizə nəzarət etməsidir. Amma Rusiya təbii ki, bu təkliflə razılaşmayacaq. Çünki Rusiya hələ də hesab edir ki, 9 noyabr üçtərəfli razılaşmasına əsasən dəhlizə nəzarət onun haqqıdır və son vaxtlar Rusiya ilə İran arasında yaşanan gərginlik, Rusiya-Ermənistan arasındakı münasibətlərdəki sərtlik də bununla əlaqədardır. Amma nəzərə alaq ki, İrəvanda keçirilən forumda Paşinyan bir daha bəyan edib ki, suveren dövlətin ərazisinə başqa dövlət nəzarət etməməlidir. Yəni, əslində Ermənistan bu məsələyə öz etirazını bir daha bu formada bildirir. Düzdür, dəfələrlə Ermənistan bəyan edirdi ki, doqquzuncu maddənin heç bir əhəmiyyəti yoxdur. Yəni bu problem varsa da, təbii ki, Ermənistan və Azərbaycan arasında həll edilməlidir. Amma Azərbaycanın da lisenziya verdiyi bir özəl şirkət gələcəkdə dəhlizə nəzarət edərsə, yaxud bu barədə mühüm razılıq olarsa, məncə, bu, Azərbaycan üçün də məqbul sayılar", - deyə Əli Mustafa bildirdi.

Türkan İSGƏNDƏRLİ