"Rusiya-Ukrayna münaqişəsində Azərbaycanın vasitəçiliyi uğurlu ola bilər"

 16:01 10.09.2024     204

Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakının mümkünlüyünü istisna etməyib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Redaktor.az-a bildirdi ki, Azərbaycanın Rusiya-Ukrayna münaqişəsinə münasibəti kifayət qədər açıq və prinsipialdır.

"Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirik ki, məsələlər ancaq beynəlxalq hüquq əsasında həll edilməlidir. Bu gün Azərbaycan Ukraynaya maksimum humanitar yardım göstərir. Eyni zamanda həm Ukrayna, həm Rusiya ilə yaxşı münasibətlərindən istifadə edərək problemin həllində vasitəçi olacağını bildirir. İtaliyada Çernobbio beynəlxalq forumunda moderatorun suallarına cavabında bildirdi ki, Azərbaycan bu gün Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Azərbaycan, Rusiya və Ukrayna 70 ilə qədər bir dövlətin tərkibində olublar və bizləri bir çox tellər bağlayır".

Siyasətçinin sözlərinə görə, bu münaqişədə Azərbaycanın vasitəçiliyi uğurlu ola bilər.

"Hesab edirəm ki, Azərbaycanın vasitəçiliyi uğurlu ola bilər. Tərəflər qəbul edərsə, Azərbaycan danışıqlar masasını təşkil etməyə, tərəflərin bir-biri ilə kontaktlarının yaranması problemlərin həll edilməsi üçün maksimum şərait yarada bilər. Azərbaycanın sülhpərvərliyi, digər dövlətlərlə münasibətində eyni maraqlar çərçivəsindən çıxış etməsi bütün dünyaya bəllidir. Ümumən götürdükdə, Azərbaycanın mövqeyi dünya tərəfindən təqdirlə qəbul edilir", - deyə A.Mirzəzadə bildirdi.

Türkan İSGƏNDƏRLİ