"Qazaxıstan sülhün imzalanması üçün ideal ölkələrdəndir" - AÇIQLAMA
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib. İlham Əliyev isə Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.
Bəs Ermənistan bu təkliflə razılaşacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirdi ki, Qazaxıstanın bu təkliflə çıxışı etməyi müsbət hadisədir:
"Çünki Qazaxıstan çalışır ki, Cənubi Qafqazda sülh yaransın. Qazaxıstanın əgər həqiqətən də danışıqlar prosesində rolu olarsa və Ermənistan və Azərbaycan arasındakı sülh müqaviləsi Astanada imzalanarsa, bu, şübhəsiz, Qazaxıstanın beynəlxalq nüfuzuna və imicinə çox müsbət təsir edəcəkdir. Qazaxıstanın həm də bu məsələ ilə yanaşı Azərbaycanla çox yaxşı münasibətləri var. O cümlədən Qazaxıstan keçmiş Sovet İttifaqının, KTMT-nin, o cümlədən MDB-nin üzvü olaraq, təbii ki, Ermənistanla da müəyyən dərəcədə əlaqələrə sahibdir. Qazaxıstanın bu təklifinə hesab edirəm ki, Azərbaycan müsbət yanaşır. Bizim üçün əhəmiyyətli olan sülhün bir an öncə imzalanmasıdır. Qazaxıstan sülhün imzalanması üçün ideal ölkələrdəndir".
Siyasi şərhçi qeyd etdi ki, Ermənistan sülhə soyuq münasibət bəslədiyi üçün onun bu təkliflə razılaşması hələ mümkün görsənmir.
"Ancaq Ermənistanla bağlı bu qədər əmin danışa bilmərik. Öncə bu sualı vermək lazımdır ki, Ermənistan iqtidarı həqiqətən sülh istəyirmi? Ermənistan hələ Konstitusiyasındakı məsələ ilə bağlı hələ 2027-ci ildə referendumu gözləyir. Yəni məsələni ən azı üç il sonra həll etmək istəyirlər. Digər tərəfdən Avropa İttifaqının missiyasını dəvət edirlər. Onların orada hansı fəaliyyətlə məşğul olduğunu çox aydın şəkildə hamı bilir. Ondan əlavə, Hindistan və Fransa vasitəsilə yenidən silahlanmağa çalışırlar. Bütün bunlar hamısı göstərir ki, Ermənistan hakimiyyəti o qədər də sülh istəyən qüvvə deyil. O ki qaldı Qazaxıstana cavab verməyə, müsbət cavab vermə ehtimalları olsa da, müsbət cavab verməmə ehtimalları daha yüksəkdir. Çünki birincisi, Ermənistan hakimiyyəti tam müstəqil bir hakimiyyət deyil. Qərbdən çox ciddi şəkildə asılılığı var. Onlar Fransanın və digər Avropa ölkələrin, şovinist qüvvələrin təsiri altındadır. Belə olan təqdirdə Qazaxıstan üzərindən sülhə nail olmaq prosesinə çox həvəsli olmayacaqlarını söyləmək əbəs olmazdı", - deyə Kazım Kazımov bildirdi.
Türkan İSGƏNDƏRLİ