"ABŞ İranın Rusiyaya silah verməsinin qarşısını alır" - AÇIQLAMA
"ABŞ sanksiyalar tətbiq etməklə İranın fəaliyyətini məhdudlaşdırır".
Bunu Redaktor.az-a açıqlamasında danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan ötən gün ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalarla balı danışarkən bildirdi.
"ABŞ-nin İrana qarşı ilk sanksiyası deyil, bundan əvvəl də İrana və Rusiyaya PUA-lar tədarük etdiyi üçün sanksiya tətbiq etmişdi. Yəni ABŞ İrana qarşı müxtəlif məsələlərlə bağlı sanksiyalar tətbiq edir. İran İslam Respublikasında insan hüquqlarının tapdanması, nüvə proqramında şəffaflığın təyin edilməməsi, terror fəaliyyəti ilə məşğul olması, İran İnqilab Keşikçilər Qvardiyasının (SEPAH) ayrı-ayrı üzvlərinə qarşı, şirkətlərə qarşı, dövlətin müxtəlif rəsmilərinə qarşı sanksiyalar tətbiq olunur. Hətta SEPAH-a, başqa sözlə, İran hakimiyyətinin ən böyük arxa dayağı olan Silahlı Qüvvələrə qarşı məhdudiyyətlər qoyulur. Bu Silahlı Qüvvələr ABŞ-da terrorçu təşkilatlar siyahısına daxildir. Bu baxımdan İrana tətbiq olunan sanksiya növbəti məhdudlaşdırıcı tədbirdir. Bu perspektivdə İranın Rusiyaya raket və başqa hərbi avadanlıq verməsinin qarşısını almaq üçün tədbirlərin görülməsinə hüquqi baza yaradır".
Politoloq qeyd etdi ki, Rusiyanın bu məsələdə ABŞ-yə təsir etmək imkanları o qədər də geniş deyil.
"İranın Rusiyaya göndərdiyi raketləri, yaxud başqa hərbi avadanlıqları ABŞ strukturları ələ keçirirsə, onu müsadirə edə bilər. Ona görə İranı məhkəməyə verə bilər. Ancaq Rusiyanın bu məsələdə ABŞ-yə təsir etmək imkanları o qədər də geniş deyil və Rusiya sadəcə olaraq bu cür məsələləri təkzib edə bilər, müxtəlif siyasi bəyanatlar, açıqlamalar verməklə vəziyyətdən çıxmağa çalışar ki, yəni İrandan raket almır. Rusiya ABŞ-yə bu məsələlərlə bağlı sanksiya tətbiq edərsə belə, bu, ABŞ-nin xarici siyasi hərbi kursuna, təhlükəsizlik məsələlərinə elə ciddi təsir göstərməz", - deyə Sədrəddin Soltan bildirdi.
Türkan İSGƏNDƏRLİ