"Bu, Pezeşkianın türk əxlaqına uyğun bir davranışdır, ancaq..." - AÇIQLAMA

 17:42 12.09.2024     261

İran Prezidenti Məsud Pezeşkian müsəlman dövlətləri arasında Şengen zonasının analogiyası kimi sərhədə nəzarətin ləğv edilməsini təklif edib.

Bəs bu təklifin həyata keçirilməsi mümkündür?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, bunun baş tutması üçün İran özü ilk növbədə qonşu dövlətlərlə münasibətləri düzəltməlidir.

"Əslində, Pezeşkianın bu təklifi çox gözəl bir təklifdir və bütün müsəlman toplumunu, müsəlman dövlətlərini birliyə aparan yoldur. Ancaq məsələ burasındadır ki, Məsudun prezident olduğu İran dövləti qonşu olduğu əksər müsəlman dövlətləri ilə düşmənçilik səviyyəsindədir. İran hər zaman müsəlman dövlətləri ilə deyil, xristian dövlətləri ilə dostluğa üstünlük verib. Ən azından Ermənistanla İran münasibətləri bunun bariz nümunəsidir. Əgər Pezeşkian həqiqətən də belə bir birliyə nail ola bilsə, bu, müsəlman dünyası adına bəlkə də əsrdə atılacaq ən gözəl bir addım olardı. Ancaq bu sözdə, ideyada gözəl görsənir. Bunu təmin etmək üçün İran dövləti özü nümunə olmalıdır. İrana müsəlman dövlətlərinə şiə inqilabı ixrac etmək əvəzinə birliyə yönəlik addımlar cəzbedici olmalıdır".

Qarabağla bağlı vəziyyətdən çıxarın – “İlin sonuna lazımdır, yoxsa...” » Sedanews.az

Politoloqun sözlərinə görə, sərhədə nəzarətin ləğv edilməsi məsələsini istəməyən qüvvələr çoxdur.

"Bu, Pezeşkianın əxlaqına, türk əxlaqına uyğun bir davranışdır. Ancaq hökumətdən başqa İranda bunu istəməyən, buna əngəl olan, əksinə, Azərbaycan və digər müsəlman dövlətləri ilə gərginlikdən bəslənən başqa güc mərkəzləri var. İran İnqilab Mühafizəsi Qüvvələri - SEPAH kimi qüvvələr və bunları dəstəkləyən ali ruhani lider var. Bu əngəlləri aşmağa ehtiyac olacaq. Bütün bu əngəllər açılarsa, əlbəttə, Azərbaycan belə bir birlikdən məmnun olar. Bu, bütün müsəlman dünyasının birliyi demək olar ki, bu da böyük bir güc, dünyada diktə etmək, İslam ədalətini dünyaya bərqərar etmək deməkdir. Ancaq bunu həyata keçirmək çox çətindir. Açığı inandırıcı deyil", - deyə Natiq Miri bildirdi.

Türkan İSGƏNDƏRLİ