"Ermənistan özü Azərbaycana yalvaracaq"

 13:57 13.09.2024     411

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya etirazlarına cavab verib. O, İranın Rusiya kimi kommunikasiyaların açılmasına hörmət etməli olduğunu vurğulayıb. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev bildirdi ki, İran və Rusiya münasibətləri nə qədər yaxşı səviyyədə olsa da, müəyyən məsələlərdə təzadlar var və maraqları üst üstə düşmür. Onun sözlərinə görə, Rusiya Azərbaycan ərazisindən keçməklə Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpasını istəyir:

"Çünki hal hazırda sanksiyaların tətbiq olunduğu bir dönəmdə Türkiyə üzərindən yükdaşımaların, xüsusilə də qatar yolu ilə və həmçinin avtomobil yolu ilə həyata keçirilməsi çox önəmlidir. Yaxın gələcəkdə sanksiyaların sərtləşdirilməsi, həmçinin Rusiyada sanksiyaların yarılmasına və ziyanın aşağı salınmasında iştirak edən Gürcüstan və Ermənistanın iştirakına qadağaların qoyulması ehtimalını da nəzərə alsaq, mən düşünürəm ki, Türkiyə bazarında olan bir çox məhsulların Rusiyaya çatdırılması üçün ən optimal yol məhz Zəngəzur üzərindən keçməklə istifadə ediləcək yoldur və bu baxımdan da, Rusiya bu yolun istifadə verilməsində çox maraqlıdır.

Ancaq göründüyü kimi, İran ilk növbədə Azərbaycanın qərb hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməklə işə düşməsindən öncə məhz İran ərazisində hal-hazırda tikintisi həyata keçirilən körpülərin və bunun üzərindən salınacaq dəmir yolu və avtomobil yollarının işə düşməsini istəyir. Mən düşünürəm ki, burada İranın da öz maraqları var. O istəyir ki, mütləq Azərbaycan İran ərazisindən keçməklə bu yoldan istifadə etsin. Həmçinin də İranın faktiki olaraq qonşuları ilə münasibətləri heç də yaxşı deyil. Tək Ermənistanla müəyyən dərəcədə yaxın əlaqələri var və Ermənistanı öz təsirinə sala bilməsi nəticə etibarilə bu 40 kilometrlik ərazidən rahatlıqla istifadə edə bilməsi ilə nəticələnib və bu baxımdan da Ermənistan, Gürcüstan, Qara dəniz vasitəsilə Avropaya çıxışı itirmək istəmir. Həmçinin İran qorxur ki, burada Zəngəzur dəhlizi Azərbaycana veriləcəyi təqdirdə Azərbaycan, ümumiyyətlə, İranla ikinci bir alternativ Naxçıvana gediş yolunun işlənməsində elə də maraqlı olmasın və yaxud bu yol elə də rentabelli olmasın. Göründüyü kimi, İranın da bu yolun açılmasına marağı yoxdur".

Deputatın sözlərinə görə, Ermənistan iqtisadiyyatının pisləşməsi Zəngəzur dəhlizinin açılmasının sürətlənməsinə səbəb olacaq.

"Ona görə buna qarşı etiraz edir və faktiki olaraq burada Rusiya, Azərbaycanın təbii ki, hədəfi, məqsədi Zəngəzur dəhlizinin koridorunun işə düşməsidir, kommunikasiyaların açılmasıdır. Ancaq Azərbaycan Ermənistanın nazı ilə çox oynamaq istəmir. Bizim üçün İran üzərindən keçən yol da hələlik məqbuldur və biz bilirik ki, onsuz da gec-tez Ermənistan özü Azərbaycana yalvaracaq və özü kommunikasiyaların açılmasını istəyəcək. Çünki bu günlər Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan iqtisadiyyatında müəyyən artım müşahidə edilir. Ancaq bu keçici bir artımdır. Hər an Ermənistan iqtisadiyyatının daha çətin vəziyyətə düşmə ehtimalı var və həmçinin Rusiyadan asılılıq günü-gündən artmaqdadır. Ermənistan həm Azərbaycanla, həm Türkiyə ilə kommunikasiyasların olması və azad ticarət zonalarının formalaşdırılması üçün maraqlıdır. Bu baxımdan da, Azərbaycan çox gözəl bilir ki, geridə Ermənistan özü kommunikasiyaların açılmasını istəyəcəkdir və xüsusilə də sülh anlaşması imzalandıqdan sonra bu proses daha sürətli baş tuta bilər".

Naqif Həmzəyev qeyd etdi ki, Amerikanın Ermənistanda aktiv hərbi və siyasi fəaliyyət göstərməsinə İran göz yumur:

"Bu baxımdan da Azərbaycan göründüyü kimi, həm Rusiya, həm İranla Zəngəzur koridoru üzərində aparılan bu manipulyasiyanın və gərginliyin içində olmaq istəmir. Rusiyanın açıq şəkildə İranın bu etirazlarına mövqe bildirməsi İranın müəyyən dərəcədə bu yanaşmasına düzəliş verməsinə gətirib çıxara bilər. Ancaq istənilən halda İran da asanlıqla bu mövqeyindən geri çəkilməsi deyil. Çünki hal-hazırda Ermənistan üzərində böyük dövlətlərin mübarizəsi davam etməkdədir. Qərb dövlətləri Rusiyanı buradan sıxışdırıb çıxartmaq istəyir. İran da öz mövqeyini gücləndirmək istəyir və çox maraqlı bir məsələdir ki, digər məsələlərdə, digər platformalarda İranla düşmən olan, hətta Qərb dövlətləri belə Ermənistan məsələsində görürsünüz ki, həmrəylik nümayiş etdirir. Amerikanın Ermənistanda aktiv hərbi və siyasi fəaliyyət göstərməsinə İran göz yummaqdadır. Eyni zamanda İranın da Ermənistanda faktiki olaraq söz sahibi olmasını da Amerika göz yumur".

Milli Məclisin üzvü Qərbin əsas hədəfinin Rusiyanı Ermənistandan çıxarmaq olduğunu vurğuladı:

"Əsas hədəf Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılmasıdır. Rusiyanın Ermənistandan sıxışdırıb çıxarılması nəticə etibarilə İranın da mövqeyinin zəifləməsinə gətirib çıxara bilər. Bu baxımdan da, ehtimal var ki, Zəngəzur dəhlizi məsələsində İranın müəyyən dərəcədə güzəştə getməsi və yumşalması ehtimalı var. Ancaq biz prosesləri izləməliyik. Çünki əvvəlki dövrlərdən fərqli olaraq hər günün öz hökmü var və Azərbaycan heç bir dövlətin təzyiqinə və təsirinə baxmadan öz xarici siyasətini qrubdur və onu həyata keçirir. Və biz inanırıq ki, Ermənistan gec-tez haqq yoluna gələcək, həm sülh anlaşmasının imzalanması baş tutacaq, eyni zamanda sərhədlərin delimitasiya və demarkasiyası reallaşacaqdır və həmçinin biz kommunikasiyaların açılması, xüsusilə də Zəngəzur dəhlizinin işə düşməsinə şahidlik edə biləcəyik".

Türkan İSGƏNDƏRLİ