Qərbin Rusiya ərazilərini vurmağa icazə verməsi müharibənin gedişatını dəyişəcək - AÇIQLAMA

 19:24 16.09.2024     238

"Qərbin Ukraynaya verdiyi silahlarla Rusiya ərazilərini vurmağa icazə verməsi müharibənin gedişatına təsir edə bilər".

Bu sözləri Redaktor.az-a politoloq Əziz Əlibəyli Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti şərh edərkən dedi. Onun sözlərinə görə, bu qərar qarşıdurmanı daha da sərtləşdirəcək.

"Silahların istifadəsinə icazə verilməsində maraq və məqsədlər var. Onların bəziləri Rusiyanın xəbərdarlıq orbitinə daxil olan silahlardır. Rusiya bu silahların Ukraynanın ixtiyarına veriləcəyi təqdirdə, bilavasitə onu verən ölkələrin hədəfə çevrilə biləcəyi ehtimalına qarşı bəyanatlar verib. Məncə, bu bəyanat Ukrayna üçün də qırmızı xətt təşkil edir. Bir növ Ukrayna da çalışırdı ki, həmin silahlar gəlsin və nəticədə cəbhədə Ukrayna ilə yanaşı iştirakçı dövlətlərin sayı artsın".

Politoloq qeyd etdi ki, uzaqmənzilli silahlar Ukraynanın müdafiəsini gücləndirəcək.

"Yüksək kalibrli, uzaqmənzilli silahlar Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirir. Amma silahın gücündənsə, ordunun qalibiyyəti nəticəyə təsir edəcək. Yəni Ukraynanın döyüşlərdə qalib gəlməyi onun strategiyasından asılıdır. Yüksək kalibrli silahların Ukraynaya verilməsi ərazisində olan və Rusiya prizmasının Ukraynadan kənarda olan hədəflərin leqallaşdırılması anlamına gəlir", - deyə Ə.Əlibəyli vurğuladı.

Türkan İSGƏNDƏRLİ