Blinken İlham Əliyevə niyə zəng edib? - AÇIQLAMA

 17:52 17.09.2024     227

Sentyabrın 16-da ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Rəsmilər telefon danışığında mühüm mövzulara toxunub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, ABŞ COP29-la bağlı Azərbaycana dəstəyini əsirgəmir.

"Dünən ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, bir çox məsələləri, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının yaxın olduğu, sərhədlərin delimitasiyası prosesinin əsasnaməsinin hazır olduğunu müsbət qiymətləndirib. Azərbaycana COP29 tədbirinin uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edib. Azərbaycan ilə ABŞ-nin COP komandaları və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb. Bu da çox önəmlidir. Çünki noyabrda Bakıda COP29 tədbiri keçiriləcək. Burada dünyanın 200-dən çox ölkəsindən 80 minə yaxın nümayəndəsinin iştirak edəcəyi gözlənilir. Tədbirə də ABŞ-nin COP komandası köməklik edir. Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusi inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Burada da bunu qeyd etmək lazımdır ki, iqlim dəyişikliklərinin maliyyələşdirilməsi çox böyük vəsaiti tələb edir. Ən çox elə Amerika bu işdə yardım göstərir. Blinken də onu bildirib ki, bu maliyyələşmədə də ABŞ COP29-a ev sahibliyi edən Azərbaycana dəstək olsun".

Politoloqun sözlərinə görə, Qərbin Azərbaycan və Ermənistanla sülhü dəstəkləməsinin səbəbi Rusiyanı Qafqazdan çıxarmaqdır.

"Onu da bildirim ki, Blinken martın 12-də Ermənistanın Baş nazirinə zəng etmişdi və onunla da sülh müqaviləsinin bağlanmasına yaxın olduğu haqqında fikir mübadiləsi aparıb, tezliklə sülh müqaviləsinin bağlanacağını ümid etdiyini bildirib. Bu zəngin də mənası elə paritet saxlamaq, yəni ABŞ həm Ermənistana, həm də Azərbaycana sülh müqaviləsinin bağlanmasına görə dəstək olmasını göstərir. Ona görə də onların belə tez-tələsik sülh müqaviləsi bağlanmasını istəməsinin səbəbi də odur ki, tezliklə Rusiyanı Ermənistandan, yəni Cənubi Qafqazdan çıxarsın və Azərbaycan da neytral mövqe sərgiləsin. Ona görə də ard-arda Ermənistana yardımlar göstərirlər. ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin Ermənistana etdiyi yardım 120 milyondan 250 milyon qaldırılmasının məqsədi də məhz budur. Ona görə də Blinkenin elə pariteti gözləməsi və sonradan da ABŞ-nin Dövlət Departamentinin sözçüsü Metyu Millerin "biz Azərbaycanla Ermənistan arasında sülh bağlanmasına vasitəçi ola bilərik" deməsi də sülh müqaviləsinin tezliklə bağlanmasını istədiklərini göstərir. Ancaq Azərbaycan Prezidenti də Blinkenlə danışan zaman sülh müqaviləsinin bağlanmasına hazır olduğumuzu və Ermənistanın Konstitusiyasında və digər hüquqi aktlarında dəyişiklik etməsinin vacib olduğunu bildirib. Yəni Azərbaycan Prezidenti bunu da ABŞ rəsmisinin nəzərinə çatdırıb ki, bu gün sülh müqaviləsinin bağlanmasında ən böyük əngəl Ermənistanın Konstitusiyası və 1989-cu ildə Ali Sovetinin qəbul etdiyi qeyri-qanuni sənəddir və bunlar ləğv olunmalıdır", - deyə E.Həsənov bildirdi.

Türkan İSGƏNDƏRLİ